www.science.az
19.01.2015 00:00

20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir

AMEA Nizami adına Ədəbiyyat İnstitututunda 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli xalqımızın çətin və şərəfli müstəqillik mücadiləsindən danışıb.

Akademik İsa Həbibbəyli 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib. Ümummilli lider Heydər Əliyevin bu hadisələrə verdiyi tarixi siyasi qiymətin böyük əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli müstəqillik illərində ölkə Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca tutulduğunu, bu istiqamətdə ardıcıl dövlət səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib. Xalqımızın müstəqillik və azadlıq mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu olduğunu xatırladan İ.Həbibbəyli göstərilən istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni əsərlərin yaradılmasının vacibliyini vurğulayıb.

Sonra professor Bədirxan Əhmədovun “Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə professorlar Məhərrəm Qasımlı, Asif Rüstəmli və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirərək ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.