www.science.az
19.01.2015 00:00

AMEA Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad olunub

AMEA Elmi İnnovasiyalar Mərkəzində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov 20 Yanvar hadisəsinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu bildirib. Qeyd edib ki, həmin gün xalqımızın qeyrətli övladları işğalçı sovet ordusu tərəfindən qətlə yetirilmiş, 132 nəfər şəhid olmuş, 700-dən artıq vətəndaşımız yaralanmışdır. Bu tarix xalqımızın faciəsi olmaqla yanaşı, Azərbaycanın müstəqillik tarixinin başlanğıcıdır.

Baş vermiş faciədən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qanlı hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə ilk dəfə bəyan etdiyini xatırladan A.Namazov ölkə rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi diqqət və qayğı göstərilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksi ucaldılıb. 

Sonra 20 yanvar hadisələri şahidlərindən olan professor Tərbiz Əliyev, texnika elmləri üzrə fəlsəfə doktoru Mahir Muxtarov və başqalarının çıxışları dinlənilib. Faciə ilə bağlı öz təəssüratlarını bölüşən natiqlər qeyd ediblər ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində faciəli gün olmaqla yanaşı, əsarətə və zülmə qarşı şərəfli mübarizə olaraq tarixə yazılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.