Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Türkologiyada sədaqət ənənəsi
27.01.2021 10:32
  • A-
  • A
  • A+

Türkologiyada sədaqət ənənəsi

Bu yaxınlarda türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyevanın “Seçilmiş əsərləri”nin I hissəsi çapdan çıxıb. Kitab “Türk dillərində feilin məna növ kateqoriyası” adlanır. 3 fəsildən (286 səhifə) ibarət bu əsərdə türk dillərində feilin növ kateqoriyası olduqca geniş şəkildə tədqiq edilib.

Kitabın “Türk dillərində feilin növ kateqoriyası” adlı I fəslində qrammatika, müxtəlif sistemli dillərdə qrammatik kateqoriyalar və onların ifadə vasitələri, feilin şəxs və ya xəbərlik kateqoriyası, feilin növ kateqoriyası, köməkçi feillər barədə alimin nəzəri qeydləri, mülahizələri, fikirlərini əsaslandırmaq üçün təqdim etdiyi dil nümunələri yer alıb. Müəllif qrammatikadan danışarkən məfhum, təfəkkür kimi anlayışlar barədə mövcud fəlsəfi fikirlərə münasibət bildirib, onların dildə mənasını və dillə əlaqəsini təhlil edib.

II fəsildə feilin idarə və məna növlərindən bəhs olunur. Müəllif feillərin təsirli və ya təsirsiz olmalarının sintaktik səciyyəli idarə prinsipinə əsaslandığını, məhz bu baxımdan həmin feillərin müasir Azərbaycan dilində, bəzən də ümumən türk dillərində “feilin idarə  növləri” adı altında öyrənilməsini məqsədəuyğun sayır. Bu hissədə müəllif təsirli və təsirsiz feillərdən danışan dilçilərin əksəriyyətinin onlara verdiyi təriflərin elmi mahiyyət daşımadığını da qeyd edir və həm də yarımbaşlıq mahiyyəti daşıyan qoyduğu suallarla öz fikirlərini bildirməyə davam edir. II fəsildə feilin əsas, məchul, qayıdış, qarşılıq-müştərək, icbar növləri ayrılıqda tədqiq olunur.

Əsərin III fəsli “feilin məna növlərinin söz yaradıcılığı prosesinə münasibəti və etimoloji təhlil” adlanır. Bu hissə söz yaradıcılığı prosesinə dair nəzəri qeydlərlə başlanılır. Müəllif söz yaradıcılığını yalnız “leksik-morfoloji kateqoriya” kimi təqdim etməyi yanlış hesab edərək, söz yaradıcılığı prosesini dilin bütün qatlarında, bütün səviyyələrində gedən fasiləsiz proses adlandırır. M.Mirzəliyeva, eyni zamanda söz yaradıcılığının dilçiliyin bir bölməsi kimi təqdim edilməsinə də qarşı çıxaraq onun yalnız bir proses olduğunu və buna görə də dilçiliyin şöbəsi adlandırılmasının düzgün olmadığını vurğulayır. Bu fəslin digər yarımfəsillərində həm də “aqlütinasiyada fleksiya və ya türk dillərində fleksiya” adlı bölmə yer alır. Əsərin müəllifi məna növ şəkilçilərini ayrıca tədqiq edib, onların söz yaradıcılığında rolu və semantik xüsusiyyətlərini araşdırmaqla yanaşı, bu şəkilçili bəzi feillərin etimoloji təhlili haqqında qeydlər də aparıb.

Haqqında danışılan əsər Məhəbbət Mirzəliyevanın “Müasir Azərbaycan dilində feilin məna növləri  və həmhüdud kateqoriyalar” adlı namizədlik dissertasiyası əsasında tərtib edilib. Müəllif kitabın çapını vaxtsız ölüm səbəbi ilə həyata keçirə bilməyib. Qeyd edək ki, əsərin elmi redaktoru prof. Kamilə Vəliyevadır. Kamilə Vəliyeva Azərbaycan dilçiliyində tətbiqi dilçilik üzrə ilk tədqiqatçı olaraq çoxsaylı əsərlərin müəllifidir.

Məhəbbət Mirzəliyeva elmə sədaqəti, sevgisi ilə yanaşı, ona elm öyrədənlərə qarşı olan vəfası ilə də tanınırdı. Öz müəllimlərinin, həmkarlarının əsərlərini uzun illər öz şəxsi vəsaiti hesabına çap etdirib, bununla da həm elm, həm də kitablarının, əsərlərinin çapını həyata keçirməyi çatdırmayan alimlərin özləri və ruhları qarşısında böyük humanizm nümayiş etdirib.

“Türk dillərində feilin məna növ kateqoriyası” adlı bu kitab isə Məhəbbət xanımın həmkarı və yaxın dostu prof. Kamilə Vəliyevanın və uzun illər rəhbərlik etdiyi Türk dilləri şöbəsinin ən köhnə və ona sadiq əməkdaşlarının –  dosentlər Elnarə Əliyeva, Qətibə Mahmudova (həm də kitabın rəyçiləri) və fil.ü.f.d. Günel Mirzəyevanın (kitabın məsulu) bu gün eyni sədaqəti Məhəbbət xanıma qarşı göstərmələri və öz şəxsi vəsaitləri hesabına çap etdirmələri nəticəsində ərsəyə gəlib, elmə qazandırılıb.

Tədqiqat filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu kitabdan gənc dilçi tədqiqatçılar – doktorant və magistrlər də faydalana bilərlər.

Günel ORUCOVA, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: