Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20.01.2021 13:56
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq 20 Yanvar hadisəsinin tarixi kökləri və başvermə səbəblərindən danışıb. Bildirib ki, Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu çox şəhidlər verib, lakin onun iradəsi sınmayıb və milli ruhu sarsılmayıb: “20 Yanvar hadisələri də göstərdi ki, xalqımız öz müstəqilliyini, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün savaşmaq əzmindədir. 20 Yanvar şəhidləri də öz həyatlarını qurban verərək bunu bir daha sübut etdilər”.

Alimin sözlərinə görə, 20 Yanvar faciəsinə və Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətə ilk olaraq öz münasibətini və kəskin etirazını bildirən ümummilli lider Heydər Əliyev olub. Eyni zamanda ulu öndər respublikanın rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi qiymət verilib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün geniş tədbirlər planı həyata keçirilib.

“Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də faciə qurbanlarının xatirəsini daim uca tutub, onların ailə üzvlərinə ardıcıl olaraq maddi və mənəvi dəstək göstərib. Bu tədbirlər gənclərimizin yüksək vətənpərvəlik ruhunda tərbiyə olunmasına zəmin yaradıb. Məhz bu ruh Qarabağ uğrunda Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuza və xalqımıza inamlı qələbə qazandırıb, əsgər və zabitlərimizin Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş məharətini bütün dünyaya nümayiş etdirib”, - deyə Ə.Sadıqov söyləyib.

O, çıxışının sonunda ölkəmizdə vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin daim uca tutulacağına, qazilərimizə hərtərəfli dəstək olunacağına əminliyini ifadə edib.

Tədbirdə digər çıxış edənlər də 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən bəhs edib, öz xatirələrini bölüşüblər. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının başına gələn dəhşətli faciələrdən biri olmaqla yanaşı, həm də xalqımızın azadlıq mübarizəsinin rəmzi, tariximizin qəhrəmanlıq salnaməsidir və yaddaşlardan heç vaxt silinməyəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: