Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

"20 Yanvar - zəfərə aparan yol” mövzusunda tədbir keçirilib
19.01.2021 15:45
  • A-
  • A
  • A+

"20 Yanvar - zəfərə aparan yol” mövzusunda tədbir keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "20 yanvar - zəfərə aparan yol” mövzusunda onlayn tədbir keçirilib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilən tədbirdə əvvəlcə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Famin Salmanov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıb. F.Salmanov qeyd edib ki, 31 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Həmçinin F.Salmanov məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verildiyini qeyd edib.

AMEA-nın YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova 1990-cı ilin qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizm əleyhinə törədilən bir cinayət olduğunu bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev isə Azərbaycan tarixində 20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib. F.Mustafayev qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aytən Məmmədova və Aysel Xudai 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: