Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20 Yanvar faciəsinin fəlsəfi mahiyyətini gənc nəsillərə aşılamaq lazımdır
19.01.2021 15:12
  • A-
  • A
  • A+

20 Yanvar faciəsinin fəlsəfi mahiyyətini gənc nəsillərə aşılamaq lazımdır

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar onlayn konfrans keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək bildirib ki, 31 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun zirehli texnika və müasir silahlarla təchiz olunmuş əsgərləri dinc insanları - qocaları, gəncləri, qadınları və uşaqları qətlə yetiriblər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq bu faciə respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

İ.Məmmədzadə onu da qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə milli birliyimizin və milli özünüdərkin, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu hadisə Azərbaycan xalqının milli birliyi və həmrəyliyini təsdiqləyən ən mühüm hadisədir. Bu birliyin nəticəsində də 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımız azad edilib.

Onun fikrincə tariximizdə baş verən hadisələrin fəlsəfi mahiyyətini yetişməkdə olan gənc nəslə aşılamaq baxımından alimlərimiz bu yöndə tədiqatlarını daha da genişləndirməlidir.

Sonra t.e.d. Eynulla Mədətli, professor Adil Əsədovf.e.d. Füzuli Qurbanov, f.e.d. Afaq Rüstəmova, s.e.ü.f.d. Günel Məlikli və digər natiqlər çıxış edərək sovet imperiyasının törətdiyi bu qanlı cinayəti bəşəriyyətə, insanlığa qarşı yönəldilən terror aktı kimi səciyyələndirərək bildiriblər ki, 1990-cı ilin qanlı yanvar faciəsi heç vaxt unudulmayacaq və bu qanlı cinayət daim lənətlənəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: