www.science.az
15.01.2015 00:00

AMEA-nın Nizami Gəncəvi adına Qızıl medalının Təsviri təsdiq edildi

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın Təsviri Azərbaycan Respublikasının 2014-cu il 16 may tarixli Qanunu ilə təsdiq edilmişdir.

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” (bundan sonra - medal) diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “Azərbaycan Milli Elmlər Akademiyası”, aşağı qövs boyunca “Nizami Gəncəvi” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “Nizami Gəncəvi” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 20 mm x 15 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə şaquli zolaqlara bölünmüş xara lentdən üz çəkilir.

4.2. Medala paltara bərkidilmək üçün medalın elementi olan eyni xara lentdən üz çəkilmiş 20 mm x 9 mm ölçülü qəlib əlavə olunur.