Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2021 13:28
  • A-
  • A
  • A+

Şəbəkə hazırlığı indeksinə həsr olunan seminar keçirilib

Şəbəkə hazırlığı indeksinə həsr olunan seminar keçirilib

AMEA-nın İqtisadiyyat İnstitutunda “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” mövzusunda onlayn elmi seminar keçirilib.

20 Yanvar şəhidlərinin böyük ehtiramla yad olunduğu seminarı müəssisənin direktoru, professor Nazim İmanov açaraq xalqımızın müstəqillik və azadlıq uğunda mübarizəsindən danışıb. Qeyd olunub ki, həmin gün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir və 20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlarıdır.

Sonra institutun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi – 2019: Azərbaycanda elektron xidmətlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə Şəbəkə hazırlığı indeksi üzrə beynəlxalq müqayisəli reytinqdə Azərbaycanın mövqeyinin təhlilinə və yaxşılaşdırılması istiqamətlərinə həsr olunub. Qeyd edilib ki, elektron xidmətlərin inkişafı ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) mövcudluğundan, onların əlçatanlığından əhəmiyyətli dərəcədə asılıdır. Onun sözlərinə görə, elektron xidmətlərin inkişafını şərtləndirən əsas amillərdən biri də informasiya-kommunikasiya texnologiyalarının inkişaf səviyyəsidir.

Alim vurğulayıb ki, İKT-nin inkişaf səviyyəsini əks etdirmək üçün müxtəlif beynəlxalq təşkilatlar çeşidli indekslər işləyib hazırlayırlar. Onlardan biri olan Şəbəkə hazırlığı indeksi (ŞHİ) (Network Readiness Index) cəmiyyətin digər ölkələrlə müqayisədə İKT ilə əhatə dərəcəsini müəyyən etməyə imkan verir: “İndeks 2019-cu ilə kimi Dünya İqtisadi Forumu tərəfindən hesablanırdı. 2019-cu ildən etibarən isə indeksin hesablanması “Portulans” İnstitutu və İnformasiya Texnologiyaları və Xidmətləri üzrə Dünya Alyansı (WITSA) tərəfindən 121 ölkə üzrə yerinə yetirilir. Azərbaycan bu reytinqdə 70-ci yerdədir. Əsas ideya bundan ibarətdir ki, bizim gələcəyimiz insanların və texnologiyaların inteqrasiyasını, onların vəhdətini tələb edəcək. Bu, cəmiyyət və biznes üçün xüsusi önəm daşıyır. Bu inteqrasiyanın səmərəliliyini təmin etmək üçün isə müvafiq idarəetmə mexanizmləri olmalıdır ki, onlar inamı, təhükəsizliyi və inklüzivliyi təmin edə bilsinlər. Bu zaman əsas məqsəd - dayanıqlı inkişafa nail olmaq üçün texnologiyaların iqtisadiyyata, həyat keyfiyyətinə müsbət təsirini təmin etməkdir. Bu baxımdan da şəbəkə hazırlığı indeksi hesabatının təhlili açıq şəkildə göstərir ki, onun hesablanmasında istifadə olunan əksər sub-indekslərin, alt-indekslərin göstəricilərinin yaxşılaşdırılması hər bir ölkə üçün son dərəcə aktualdır. Sıralamada yüksək yerlər tutan dövlətlər digər ölkələrlə müqayisədə böyük üstünlüklər əldə etmiş olurlar”.

Alim hesab edir ki, ŞHİ-nin bir sıra sub-indeksləri üzrə reytinqdə Azərbaycanın yaxın illərdə irəliləyəcəyini proqnozlaşdırmaq mümkündür. Leyli Allahverdiyeva diqqətə çatdırıb ki, Şəbəkə hazırlığı indeksinin yüksəlməsi ümumi iqtisadi inkişafa (xüsusilə bunun meyarı qismində adambaşına ÜDM-dən istifadə olunursa) ciddi töhfə verir. Onun sözlərinə görə, Şəbəkə hazırlığı indeksinin yüksəldilməsi ticarətin həcminə, o cümlədən xidmətlər üzrə ticarətin, ən çox da ixracın həcminə müsbət təsir edir.

Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: