Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.01.2021 17:45
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun zəfər tariximizi yazan əməkdaşları

Şərqşünaslıq İnstitutunun zəfər tariximizi yazan əməkdaşları

44 günlük Vətən müharibəsində zəfər tariximizi yazanlar sırasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Namiq Abdullayev və Pərviz Ağayev də olublar.

İnstitutun Mülki Müdafiə qərargahının rəisi, polkovnik Namiq Abdullayev birinci Qarabağ müharibəsinin veteranıdır. Vətən müharibəsinə də bir veteran kimi hərbi təcrübəsini döyüşçülərlə paylaşmaq üçün qatılıb. N.Abdullayev yeni yaradılan veteranların koordinasiya mərkəzinin heyətinin tərkibində cəbhə bölgəsinə yollanıb.

Mərkəzin qərargah rəisi kimi bir sıra cəbhə və cəbhəyanı rayonlarda olan Namiq Abdullayev orada gənc döyüşçülərimizə hərbi silah və sursatdan düzgün istifadə etməyi, təmiri, atəş nöqtələrində hansı şəraitdə necə davranmağı öyrədib, eyni zamanda döyüş ruhunu artırmaq məqsədi ilə təbliğat işləri də aparıb.

Döyüşlərin ən gərgin nöqtələrindən biri olan Hadrutda da bu fəaliyyətini göstərən N.Abdullayevordumuzun müharibəyə yüksək səviyyədə hazırlaşdığını bildirib. O, bu cür hazırlıq qarşısında düşmənin əsgər və zabitlərinin döyüşdən qaçdıqlarını vurğulayıb.

İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, ərəbşünas alim Pərviz Ağayev müharibəyə könüllü qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə rəşadətlə iştirak edib.

Böyük həvəslə yola düşdüyünü söyləyən P.Ağayev ilk olaraq müəyyən təlim keçdikdən bir neçə gün sonra Füzuli istiqamətində işğaldan azad edilmiş ərazilərdə yerləşdiklərini deyib: “Həmin ərazilər müdafiə olunmalı idi. Ən çox Füzulinin Qacar, Dilağar, eləcə də Aşağı və Yuxarı Veysəlli kəndləri istiqamətində olduq. Hansı ki, Xocavəndin bütün yüksəklikləri həmin ərazilərə aid idi. Ermənilərin tikdiyi hərbi şəhərcikdə yerləşmişdik. Həmin ərazilər düşmənə məlum olduğu üçün hədəfə alınaraq dəfələrlə atəşə tutulmuşdu. İlk həyati təhlükə orada oldu. Mərmi tam yaxınlığımıza düşdü”.

P.Ağayev cəbhədə ona çatdırılan əlcəklərin içərisindən 4-cü sinif şagirdinin məktubunun çıxdığını bildirib: “Həmin şagird valideynlərinin ona verdiyi şirniyyat pulunu yığaraq əlcəkləri almışdı. Soyuq Füzuli və Xocavənd dağlarında o əlcəklərdən istifadə etmək tamam başqa qürur hissi verirdi”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: