Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir Azərbaycan folklorşünaslığı” kitabının II cildi nəşr olunub
12.01.2021 14:59
  • A-
  • A
  • A+

“Müasir Azərbaycan folklorşünaslığı” kitabının II cildi nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” kitabının II cildi işıq üzü görüb.

Müəssisənin Elmi şurasının qərarı ilə çap olunan nəşrin redaktoru və “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımovdur.

Kitabda müəllifin müasir Azərbaycan folklorşünaslığında sənətkar, mətn və mühit məsələlərinə dair aparılmış tədqiqatlar haqqındakı resenziyaları toplanıb. Zəngin resenziya yaradıcılığına malik olan müəllifin ümumilikdə folklorşünaslığa və ədəbiyyatşünaslığa dair 60-dan yuxarı resenziyası var.

Ayrıca məqalələr, yaxud kitablara yazılmış müqəddimələrdən ibarət olan folklorşünaslıq resenziyalarının hamısını bir neçə əsas xüsusiyyət birləşdirir. Birincisi, bu yazılar müəllifin müstəqillik dövrü Azərbaycan folklorşünaslığı üzərində apardığı ardıcıl müşahidələrini əks etdirir. İkincisi, professorun resenziyaları həsr olunduğu problemin tarixi və bu günü baxımından qiymətləndirilib. Üçüncüsü, müəllif bu resenziyalarda təqdim etdiyi əsərlərin probleminə öz fərdi elmi baxışlarını da əlavə edib. Bu da öz növbəsində resenziyaları Azərbaycan folklorşünaslığının müasir inkişaf dinamikasını əks etdirən vahid baxış sistemi kimi bir kitabda birləşdirməyə imkan verib.

Qeyd edək ki,  Seyfəddin Rzasoyun “Müasir Azərbaycan folklorşünaslığı” kitabının I cildi 2013-cü ildə işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: