Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İlk dəfə “Molla Nəsrəddin” jurnalının ensiklopediyası çap olunub
11.01.2021 15:35
  • A-
  • A
  • A+

İlk dəfə “Molla Nəsrəddin” jurnalının ensiklopediyası çap olunub

İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası nəşr edilib. Ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli qərarı ilə çap edilən sanballı nəşr akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.

Ensiklopediyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.

Nəşrin əsas redaksiya heyətinə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, İsa Həbibbəyli, Teymur Kərimli, Xalq yazıçısı Anar, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir. Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.

“Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası adlı "Ön söz"də akademik İsa Həbibbəyli yazır: “Molla Nəsrəddin” ensiklopediyası Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir.

466 səhifəlik ensiklopediya “Elm” nəşriyyatında çap olunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin mollanəsrəddinçilərdən bəsh edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: