Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əbdürrəhim bəy Haqverdiyevə ünvanlanan məktublar yeni nəşrdə əksini tapıb
11.01.2021 14:35
  • A-
  • A
  • A+

Əbdürrəhim bəy Haqverdiyevə ünvanlanan məktublar yeni nəşrdə əksini tapıb

Təhsilini bitirib Şuşaya qayıdan Əbdürrəhim bəy Haqverdiyev burada ilk hekayələrini yazıb. Daha sonra Cəlil Məmmədquluzadənin təklifi ilə “Molla Nəsrəddin” məcmuəsi üçün yazdığı hekayə və felyetonlar müxtəlif imzalarla dərc olunub. Onun ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük  xidmətləri olub. O, Tiflisdə, Peterburqda, Şuşada, eləcə də Bakıda fəal ictimai fəaliyyət göstərib. Belə ki, bir çox yerlərdə teatr truppaları yaradıb, konsertlər təşkil edib. “Leyli və Məcnun” operası birinci dəfə tamaşaya qoyulanda ilk Azərbaycan rejissoru kimi orkestri, xoru və tamaşanı idarə edib.

Bu sözlər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri, Prezident təqaüdçüsü Sona Xəyalın (Sonaxanım Hadiyeva) müəllifi olduğu “Əbdürrəhim bəy Haqverdiyev 150” kitabında əksini tapıb.

Vəsait ölkə başçısının Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı çərçivəsində işıq üzü görüb.

Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, rəyçiləri institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və şöbə müdiri Qutiyera Cəfərovadır.

Sözügedən vəsaitdə yazıçı haqqında dövri mətbuatda və toplularda dərc olunan, əsasən dramaturqun müasirlərinin, onu tanıyan, eləcə də dostluq əlaqəsi olan müəlliflərin yazıları, oxucuların marağına səbəb olacaq ədibin arxivinin izahlı təsviri, məktubları və digər maraqlı məlumatlar yer alır. Əbdürrəhim bəy Haqverdiyevin qələminin məhsulu olan Azərbaycan türk teatrının müxtəsər tarixi ilə bağlı yazılar da transfoneliterasiya edilərək kitaba daxil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: