Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur
13.01.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur

Yanvarın 14-də görkəmli alim, neftçi-geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, “Şərəf” və ”Şöhrət” ordenli, akademik Xoşbəxt Yusifzadənin 85 yaşı tamam olur.

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

Əmək fəaliyyətinə SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış, az sonra”Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları”) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmişdir.

1958-1959-cu illərdə ”Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.

1970-1992-cı illərdə ”Xəzər dəniz neft” Birliyinin, Ümumittifaq ”Xəzər dəniz neft qaz sənaye” Birliyinin, ”Xəzər dəniz neft qaz” İstehsalat Birliyinin və ”Xəzər dəniz neft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir.

1992-1994-cü illərdə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2004-cü ildən ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir.

Alim 1960-cı ildə ”Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası, 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda ”Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2005-ci ildə ”Professor” elmi adına layiq görülmüşdür.

2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən xarici şirkətlərlə birgə aparılan işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənilməsində, ”Əşrəfi”, ”Qarabağ”,”Şahdəniz”,”Abşeron” yataqlarının, eləcə də 2010-cu ildə ARDNŞ-ın ”Ümid” yatağının kəşf edilməsində əvəzsiz rolu olmuşdur.

X.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həllinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri 188 elmi əsərdə, o cümlədən 12 monoqrafiya və 8 ixtirada öz əksini tapıb.

Onun rəhbərliyi və iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Alimin elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.

X.Yusifzadə Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə bir sıra yüksək dövlət mükafatları və fəxri adlara layiq görülmüşdür. O, 2000-ci ildə ”İstiqlal”, 2004-cü ildə ”Şöhrət”, 2010-cu ildə isə ”Şərəf” ordenləri ilə təltif olunmuşdur.

Neft hasilatında nanotexnologiyaların inkişaf etdirilməsi və tətbiqi sahəsində xidmətlərinə görə 2010-cu ildə akademik X.Yusifzadə ARDNŞ-nin bir qrup mütəxəssisi ilə birlikdə YUNESKO-nun xüsusi medalı ilə təltif olunmuş, adı bu beynəlxalq təşkilatın ensiklopediyasına daxil edilmişdir.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının qərarı ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində böyük xidmətlərinə görə alim 2008-ci ildə bu akademiyanın beynəlxalq ”Qızıl Ulduz Medalı” ilə təltif edilmiş, ”İlin alimi” elan olunmuş, 2011-ci ildə isə ”Türk Dünyasının Fəxri Alimi” adına layiq görülmüşdür.

Azərbaycanın görkəmli neftçi-geoloq alimini 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: