Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Nailə Vəlixanlının 80 yaşı tamam olur
25.12.2020 16:43
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlının 80 yaşı tamam olur

Dekabrın 25-də görkəmli tarixçi-şərqşünas alim, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının 80 yaşı tamam olur.

Nailə Məmmədəli qızı Vəlixanlı 1940-cı ildə Bakı şəhərində anadan olub. 1948-1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxuyub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini, 1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib.

1968-ci ildə fəlsəfə, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə edib, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

1963-1992-ci illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük laborant kimi əmək fəaliyyətinə başlayan Nailə Vəlixanlı 1992-1998-ci illərdə Tarix İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib. 1998-ci ildən Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur. 2007-ci ildən 2013-cü ilə qədər isə AMEA-nın vitse-prezidenti olub.

Akademik Nailə Vəlixanlının vətən tarixşünaslığının tədqiqi sahəsində xüsusi xidmətləri var. Onun elmi əsərlərində Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun ərəb xilafəti tərkibində mövqeyi, sosial-iqtisadi münasibəti, siyasi-mədəni tarixi və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilib. Alim ərəbdilli mənbələr əsasında orta əsrlər Azərbaycan tarixinə dair bir neçə sanballı monoqrafiyanın, 290-dan artıq elmi məqalə və resenziyanın müəllifidir.

Taleyini Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaradıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilib, bir sıra arxeoloji və etnoqrafik eksponatlar, eləcə də rəsm əsərləri muzeyin laboratoriyasında bərpa edilib, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınıb, müxtəlif məzmunlu sərgilər hazırlanıb. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilib, muzeyin elmi əsərlərinin nəşri bərpa olunub. N.Vəlixanlının təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılıb, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş etdirilib.

N.Vəlixanlı müxtəlif illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil ocaqlarında mühazirə, ixtisas kursları, seminarlar keçib. Tarix elmi üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi sahəsində alimin xidmətləri əvəzsizdir.

Akademikin xidmətləri daim yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeninə, Əməkdar elm xadimi fəxri adına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalına, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1918-2018)” yubiley medalına, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl ulduz” medalına, MDB-yə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Mükafatlandırma Şurası tərəfindən “Birliyin Ulduzları” Dövlətlərarası mükafatına, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüb.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: