Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış folklorşünas alim Kamran Əliyev vəfat edib
24.12.2020 17:38
  • A-
  • A
  • A+

Tanınmış folklorşünas alim Kamran Əliyev vəfat edib

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir.

2020-ci il dekabr ayının 23-də tanınmış ədəbiyyatşünas və folklorşünas alim, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran İmran oğlu Əliyev ömrünün 67-ci baharında dünyasını dəyişmişdir.

Kamran Əliyev 1953-cü il martın 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Diyadin kəndində anadan olmuşdur. 1969-cu ildə Şərur rayonunun Tumaslı kənd orta məktəbində təhsilini başa vuraraq, həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuşdur. 1974-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirən Kamran Əliyev 1974-1976-cı illərdə Şərur rayonunun Xanlıqlar kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır. 1976-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. 1980-ci ildə «XX əsr Аzərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1905-1917-ci illər)» mövzusunda namizədlik, 1990-cı ildə «XX əsr Azərbaycan romantizminin obrazlar sistemi» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmiş, 2010-cu ildə professor elmi adını almışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Görkəmli alim 1979-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1993-cü ildən Naxçıvan Universitetində müəllim, 1994-2001-ci illərdə həmin universitetdə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, eləcə də tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, 2012-ci ildən ömrünün sonunadək Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan ədəbiyyatının, xüsusən də folklorşünaslığın ən mühüm problemlərinin öyrənilməsində müstəsna xidmətləri olan alim 25 kitab və 10 monoqrafiyanın, 300-dən çox elmi məqalənin müəllifidir. Onun «XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri», «Sədərək döyüşləri», «Hüseyn Cavidin şəxsiyyəti və poetikası», «Mirzə Fətəlidən Hüseyn Cavidə qədər», «Cavid möcüzəsi», «Azərbaycan romantizminin poetikası», «Azərbaycan romantizminin nəzəriyyəsi», «Hüseyn Cavid: həyatı və yaradıcılığı», «Abbas Zamanov olmasaydı», «Eposun poetikası: «Dədə Qorqud» və «Koroğlu», «Tənqidin poetikası», «Ədəbiyyat tarixinə bir baxış», «Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar»,  «Çağdaş folklorşünaslığın problemləri», «Açıq kitab – «Dədə Qorqud»  əsərləri xüsusi əhəmiyyət kəsb edir. «Açıq kitab – Dədə Qorqud»  monoqrafiyası Türkiyədə və İranda türk və fars dillərində çap olunmuşdur. 2018-2019-cu illərdə seçilmiş əsərlərinin 10 cildliyi nəşr edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamran Əliyev 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Milli Ensiklopediyası Redaksiya heyətinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.

Şərəfli və məhsuldar bir ömür yaşamış Kamran Əliyevin əziz xatirəsi onu tanıyanların qəlbində ədəbi yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: