www.science.az
21.11.2013 00:00

AMEA Mərkəzi Nəbatat bağında Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA Mərkəzi Nəbatat bağında Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbirdə institutun Elmi Şurasının üzvləri və gənc mütəxəssislər iştirak edirdilər.

İclası giriş sözü ilə açan institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev Mərkəzi Nəbatat bağında yaradılan yeni şuranın tərkibi haqqında məlumat verdi.

Bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərar imzalayıb. V.Fərzəliyev “Azərbaycan Respublikasının 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı “Tədbirlər Planı"nda Elmlər Akademiyası və onun institutlarının dünyanın qabaqcıl ölkələrinin elm sisteminə inteqrasiya olunması üçün geniş imkanların yaradılmasının nəzərdə tutulduğunu qeyd etdi. O, bu istiqamətdə qəbul edilən proqramlarda gənclərə xüsusi yer ayrıldığını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərə olan diqqətin öz əksini tapdığından bəhs etdi.

Tədbirdə iştirak edən doktorant Aynur Ərəbzadə Mərkəzi Nəbatat bağının son dövrlərdə əldə etdiyi nəaliyyətlərdən, qazandığı uğurlardan danışdı. A.Ərəbzadə elmi qurumda çalışan gənclərin geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə gənclərin fəal iştirak etdiyini, onların bir sıra xarici və yerli jurnallarda məqalələrinin dərc olunduğunu nəzərə çatdırdı.

Tədbirdə iştirak edən biologiya üzrə fəlsəfə doktorları Rəşid Səlimov, Kərəm Əsədov, Elman İsgəndər və Fərid Seyfullayev mövcud problemlərdən, gələcək planlarından danışdılar.

Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildilər.

İdarə heyətinin tərkibi 5 nəfərdən ibarət olmaqla şuranın sədri doktorant Fərid Seyfullayev, müavini doktorant Aynur Ərəbzadə, katibi laborant Gövhər Əliyevaseçildilər.

Sonda Mərkəzi Nəbatat bağının direktor müavini Gənc alim və mütəxəssislər şurasının yaradılması münasibətilə iştirakçıları təbrik etdi və onlara gələcək işlərində müvəffəqiyyət arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.