Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Azərbaycan elminə ağır itki üz verib
09.12.2020 14:56
  • A-
  • A
  • A+

Azərbaycan elminə ağır itki üz verib

Dekabrın 8-də neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsi üzrə tanınmış alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, Milli Neft Komitəsinin vitse-prezidenti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Elmira Ramazanova ömrünün 86-cı ilində vəfat edib.

Ramazanova Elmira Məmmədəmin qızı 28 oktyabr 1934-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla bitirib. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

O, 1965-ci ildə texnika elmləri üzrə fəlsəfə, 1975-ci ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1978-ci ildə isə professor elmi adını alıb. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

E.Ramazanova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Respublikası­nın Energetika İdarəsində mühəndis vəzifəsində başlayıb, 1959-cu ildən 1992-ci ilədək isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ardıcıl olaraq əyani aspirant, assistent, dosent, professor, axşam və qiyabi təhsil üzrə prorektor vəzifələrində işləyib. 1992-ci ildən vəfatına kimi ADNSU-nun nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.

E.Ramazanova neft-qaz və qaz-kondensat yataqlarının səmərəli işlənməsini təmin etmək üçün kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alim idi. Onun elmi fəaliyyətinin istiqamətləri çoxşaxəli olduğundan əsas tədqiqat işləri kimi neft-qaz, qaz-kon­densat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazımi parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiq edilməsi, neftlə çirklənmiş torpaqların təmizlənməsini göstərmək olar.

2004-cü ildən E.Ramazanovanın rəhbərliyi ilə ölkəmiz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının “Xəzər, Qara dəniz regionunun tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihəsində təmsil edilib. Alim Dünya Bankının dəstəyi ilə neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə qrant layihənin rəhbəri və qalibi olub.

E.Ramazanova 400-ə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 11 tədris-metodiki vəsaitin, 16 elmi-metodiki rəhbərliyin, 60 patent və ixtiranın müəllifi idi. Onun rəhbərliyi altında 25 fəlsəfə və 2 elmlər doktoru yetişdirilib.

O, Afina Milli Kapodistrian Universitetinin “Avrasiya”, eləcə də “Azərbaycan Neft Təsərrüfatı” jurnalının və “Vışka” qəzetinin redaksiya heyətinin, AMEA-nın Yer Elmləri Bölməsinin büro üzvü, həmçinin Azərbaycan Respublikasının Milli Neft Komitəsinin vitse-prezidenti idi.

Alim elm və texnologiyaların inkişafındakı nailiyyətlərinə görə “SSRİ neft sənayesi əlaçısı” nişanı (1981), “Şərəf nişanı” ordeni (1986), Əməkdar elm xadimi (1990), SSRİ-nin Fəxri neftçisi (1990), “Vyetnamın neft sənayesinin Fəxri xadimi” (2010) və İqtisadi Əməkdaşlıq Təşkilatının “11-ci Sammit ECO-2010” mükafat və adlarına layiq görülüb. Azərbaycan Respublikasın­da neft və qaz sənayesi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə isə “Şöhrət” (2014) ordeni ilə təltif olunub.

Xeyirxah və alicənab insan, istedadlı alim, ləyaqətli şəxsiyyət Elmira Ramazanovanın parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: