Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Hüseyn Cavidin Ev Muzeyin hesabat verib
08.12.2020 11:40
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyin hesabat verib

AMEA Hüseyn Cavidin Ev Muzeyinin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası keçirilib.

Muzeyin hesabat iclasında AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının üzvü, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov iştirak edib.

İclası Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açaraq cari ilin muzeyin həyatında bir sıra uğurlu hadisələrlə yadda qaldığını bildirib. Alim diqqətə çatdırıb ki, muzeydə 2020-ci ilin elmi-tədqiqat işlərinin planına uyğun olaraq 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 47 işin müvafiq mərhələləri uğurla yerinə yetirilib. O qeyd edib ki, cari ildə muzeyin fondunda mühafizə olunan eksponatların sayı 278 ədəd artaraq 13265-ə çatıb. Hesabat dövründə muzey əməkdaşları 1-i monoqrafiya olmaqla 15 kitab, 1-i xaricdə dərc olunmaqla 16 elmi məqalə, 2-i tezisi olmaqla 6 konfrans materialı nəşr etdirib.

Məruzədə diqqətə çatdırılıb ki, COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin gözlənilməsi ilə muzey ziyarətçilərinin sayı ötən illə müqayisədə kəskin azalsa da, cari ilin mart ayına qədər muzeyə 113 nəfər əcnəbi qonaq gəlib. Pandemiya dövründə daha çox onlayn rejimdə xidmət göstərən muzeyin rəsmi saytı üzərindən virtual variantına dünyanın 72 ölkəsindən 2759 izləyici tamaşa edib. Bu müddət ərzində Hüseyn Cavidin əsərlərini müxtəlif beynəlxalq virtual sərgilərdə təbliğ etmək, muzeyin nəşrlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə ABŞ Konqres Kitabxanasının və Amazon şirkətinin birgə layihəsi olan “Yaxşı mütaliə” kitab təhlili və təqdimatı platforması ilə əməkdaşlıq əlaqələri qurulub, 25 elektron referativ biblioqrafik təsvir və nəşr bu platformaya yerləşdirilib.

G.Babaxanlı onu da qeyd edib ki, muzey 2020-ci il ərzində 1 elmi konfrans, 7 elmi sessiya, 2 elmi seminar, 6 anım günü, 1 tədbir, 1 dəyirmi masa, 1 zəfər toplantısı, 2 sərgi təşkil edib. Mövcud vəziyyətlə əlaqədar tədbirlərin bir çoxu onlayn rejimdə baş tutub.

Məruzədə o da vurğulanıb ki, muzeyin 2020-ci il üçün ən mühüm elmi nəticəsi 30 cilddə nəşri nəzərdə tutulan “Cavidşünaslıq” araşdırmalar toplusunun XX-XXX cildlərinin çapa hazırlanmasıdır. Belə ki, toplunun son 10 cildi böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 7 illik bir dövrü: 2013-2019-cu illəri əks etdirir və ədibin ədəbi-bədii, fəlsəfi-estetik düşüncə tariximizdəki yerini görməyə imkan verir.

İclasda çıxış edən muzey əməkdaşları – elmi katib İlahə Novruzova, şöbə müdiri Cəmilə Rzayeva və başqaları muzeyin 2020-ci ildə beynəlxalq əlaqələrdəki, elmin təhsilə inteqrasiyasındakı uğurlarından danışıblar. Şura üzvlərindən dosent Əzizağa Nəcəfov, şöbə müdiri Lalə Əliyeva hesabatın qəbul olunmasını təklif ediblər.

Sonda AMEA-nın həqiqi üzvü Muxtar İmanov çıxış edərək Hüseyn Cavidin Ev Muzeyinin 2020-ci ildəki fəaliyyətinin uğurlu olduğunu qeyd edib və müəssisənin illik hesabatını yüksək qiymətləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: