Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib
07.12.2020 12:01
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilib.

Yığıncağı institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev açaraq bildirib ki, bu cür tədbirlərin keçirilməsi mütəmadi xarakter almalı, xüsusilə soyuq qış aylarında qaz və elektrik cihazlarından səmərəli istifadə edilməli, nəzarətsiz qoyulmamalıdır.

Daha sonra Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi Aparatının Mülki Müdafiə işinin təşkili şöbəsinin Mülki Müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi, kapitan Rəcəb Səfərov “Mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər” mövzusunda iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, təhlükə əsasən standartlara uyğun olmayan qızdırıcılardadır və qaz xətlərinin düzgün çəkilməməsi, qaz üçün rezin boruların 80 sm-dən uzun olması təhlükəlidir: “Qaz üçün rezin boruların keyfiyyətsiz olması vəziyyəti daha da çətinləşdirir. Qazdan zəhərlənmələrin çoxu sobanın tüstü borularının təmizlənməməsindən irəli gəlir”.

Tədbirin digər çıxışçısı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin Əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin Mülki Müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova qeyd edib ki, fövqəladə hal yarandıqda dərhal həkim ambulatoriyalarına, təcili tibbi yardıma müraciət edilməlidir. Onun sözlərinə görə, həkim gələnə qədər zəhərlənən şəxs açıq havaya çıxarılmalı, yatmağa qoyulmamalı, ətir, spirt və s. maddələr iylədilərək ayıq saxlanılmalıdır. Bu cür hallar gələcəkdə onurğa beynində müəyyən fəsadlar törədir. İnsan bədənində müəyyən hüceyrələrin ölməsinə gətirib çıxarır. Təəssüflər olsun ki, statistik məlumatlara əsaslansaq, son zamanlar genetik xəstəliklərin, xüsusilə ağ ciyər və s. digər xroniki xəstəliklərin bir çoxunun bu yolla əmələ gəldiyi öz təsdiqini tapıb.

Mütəxəssislər tədbirin sonunda mövzu ətrafında iştirakçıların suallarını cavablandırıblar.

Sonda B.Rzayev Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına Təbii Ehtiyatlar İnstitutunun kollektivi adından təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: