Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Çuxurdərə göllərinin neftli çöküntülərdən təmizlənməsinə dair nəşrin təqdimatı olub
07.12.2020 10:28
  • A-
  • A
  • A+

Çuxurdərə göllərinin neftli çöküntülərdən təmizlənməsinə dair nəşrin təqdimatı olub

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin “Çuxurdərə gölləri və keçmiş yod-brom zavodu (keçmişi, bu günü - ölkədə aparılan ekoloji siyasətin davamı)” monoqrafiyasının onlayn formatda təqdimat mərasimi keçirilib.

Tədbirdə elmi işlər üzrə direktor müavini, dosent Qoşqar Məmmədov təqdim olunan əsərin yazılması zərurətindən danışıb. Bildirilib ki, 2018-ci ilə qədər Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində antropogen amillərin təsiri ilə Çuxurdərə-1 göllərinin uçuş zolağına qədər yaxınlaşması nəticəsində yaranan subasmanın, eləcədə neft tullantılarından əmələ gəlmiş Çuxurdərə-2 gölünün, Aeroport-Zığ şose yolunun sağında yerləşən keçmiş yod-brom zavodunun ətraf mühitə mənfi təsirini hamı hiss edirdi. Bu ərazidə olan zərərli neft-lay sularından ayrılan maddələr hətta təyyarələrin uçuşuna mənfi təsir göstərirdi. Xüsusilə xarici ölkələrdən gələn təyyarələr uçuş zolağına yaxınlaşdıqca əcaib bir mənzərə görünürdü. Bu da sürətli inkişaf yolu keçən, çiçəklənən Azərbaycan üçün qəbuledilməz idi. Yaranmış problem dövlət səviyyəsində də narahatlıq yaratdığından Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq laboratoriyaları və alimləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Landşaftın bərpası" ASC ilə birlikdə ərazidə elmi-təcrübi-istehsalat işləri həyata keçirdilər. Görülmüş işlər nəticəsində ərazidə yeni landşaft yarandı.

Alim vurğulayıb ki, Əlövsət Quliyevin monoqrafiyası məhz görülmüş bu işlərin elmi-təcrübi əhəmiyyətini özündə əks etdirir, keçmiş tarixlə yeni inkişaf dövrünə körpü salır. Monoqrafiyada gələcəkdə baş verə biləcək hər hansı neqativ proseslərin qarşısının alınması, aeroport ərazisində aviasiya tələblərinə uyğun yaşıllıqların salınması və qurudulmuş göllərin yataqlarında olan torpaqlarda yarana biləcək şorlaşmanın qarşısını almaq üçün kompleks bioloji, aqrokimyəvi və bir sıra meliorativ tədbirlərin keçirilməsinə dair təkliflər də verilib.

Monoqrafiya haqqında müfəssəl məlumat institutun Torpaqların rekultivasiyası və mühafizəsi laboratoriyasının müdiri, dosent Fərhad Sadıqov deyib ki, torpaqşünas alim Əlövsət Quliyevin rəhbərliyi altında Çuxurdərə gölləri və keçmiş yod-brom zavodu ərazisində genişmiqyaslı torpaq, meliorativ-hidrogeoloji və başqa istiqamətlərdə (ağır metallar, şüalanma, insan sağlamlığına təsir edən amillər və s.) hərtərəfli tədqiqatlar aparılıb. Onun tədqiqatları əsasında antropogen amillərin təsiri və onların tədqiqi, müşahidələr, antropogen amillərin təsir mexanizminin müsbət və mənfi sahələr arası müqayisələri, mövcud deqradasiya və bataqlaşma prosesləri, ərazidə baş verən proseslərin nəticələri, təbii bitki qruplaşmasına yeni komponentlərin daxil edilməsi məsələləri əsaslı surətdə tədqiq olunub.

AMEA-nın müxbir üzvü Amin İsmayılov vurğulayıb ki, Əlövsət Quliyevin yeni kitabı gələcəkdə şəhərətrafı ərazilərdə ekoloji mühitin sağlamlaşdırılması işlərinin aparılmasında istifadə olunmaqla yanaşı, həm də əhalinin ekoloji tərbiyəsinin formalaşdırılmasında mühüm rol oynayacaq.

"AzərTac"

  • Paylaş: