Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Elmi təmələ söykənən etibarlı inkişaf strategiyası
30.12.2014 00:00
  • A-
  • A
  • A+

Elmi təmələ söykənən etibarlı inkişaf strategiyası

İqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində quraraq innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, iqtisadi, sosial və intellektual inkişaf müstəvisində rəqabətə davam gətirirlər. Hazırda nəinki Avropanın, eləcə də Uzaq Şərqin və Asiyanın iqtisadi cəhətdən inkişaf etmiş bəzi dövlətlərinin - Yaponiyanın, Cənubi Koreyanın, Malayziyanın, Sinqapurun informasiya-kommunikasiya texnologiyaları, ümumilikdə elmi-texniki tərəqqi sahəsində heyrətamiz uğurlara imza atması bu qənaətin doğruluğunu bir daha təsdiqləyir. Bu dövlətlərin təkcə iqtisadi cəhətdən deyil, həm də vətəndaş cəmiyyəti təsisatlarının və demokratiyanın inkişafı sahəsində əldə etdiyi uğurlar müasir dövrdə elmi-intellektual tərəqqinin cəmiyyət üçün müstəsna əhəmiyyətini qabarıq şəkildə önə çıxarır.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi müstəqil Azərbaycanda da həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyevin son 11 ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir.

Azərbaycan Prezidentinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, elmtutumlu texnologiyanın, məhsulun (işin, xidmətin) yaradılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi qarşıdakı illərdə əsas istiqamətlərdən biri olacaqdır. Bununla əlaqədar elmin inkişafı onun ölkəmizdəki tarixinə və dünyada gedən meyillərə əsasən prioritet olaraq qalacaq və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcəkdir.

Dövlət başçısı İlham Əliyevin hələ AMEA-nın 2011-ci il aprelin 26-da keçirilmiş illik ümumi yığıncağında iştirakı və dərin məzmunlu nitqi bir daha təsdiqləmişdir ki, elm xadimləri, o cümlədən yaradıcı zəka sahibləri, intellektual, kreativ kadrlar dövlətin lazımi diqqət və qayğısı ilə əhatə olunmuşdur: “Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir”.

Prezident İlham Əliyevin elmin problemlərinə xüsusi diqqətlə yanaşması, həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Neft gəlirləri ilə bağlı dövlət büdcəsinin vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır.

Ölkə başçısının 20 avqust 2013-cü il tarixli sərəncamı ilə AMEA-nın elmi-tədqiqat institutlarında çalışan əməkdaşların məvaciblərinin daha 10 faiz artırılması bu sahəyə göstərilən diqqət və qayğının sistemli səciyyə daşıdığını göstərir. Xatırladaq ki, bu, dövlət başçısının son 3 il ərzində elm adamlarının məvaciblərinin artırılması ilə bağlı üçüncü sərəncamı olmuşdur. Dövlət başçısının hələ 27 aprel 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılmışdır. Həmin ilin dekabrında isə ölkə başçısı elm adamlarının məvaciblərinin daha 10 faiz artırılması ilə bağlı növbəti sərəncam imzalamışdır. Ümumilikdə, elm sistemində çalışanların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi ötən 11 ildə cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Ötən illərdə aspirantların təqaüdləri, alimlik dərəcələrinə görə əlavələr, habelə AMEA-nın müxbir üzvlərinin və akademiklərinin rütbə maaşları dəfələrlə qaldırılmışdır.

Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” sərəncamında da elmin maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsi vacibliyi əksini tapmışdı. Sərəncamda xüsusi vurğulanırdı ki, ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Bütün bunlarla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Sərəncama əsasən 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyası yaradılmışdı. Komissiya tərəfindən hazırlanaraq dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirmişdir.

2009-cu ildə respublikada Elmin İnkişafı Fondunun yaradılması elmi tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkmişdir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Ölkə rəhbərinin xaricdə kadr hazırlığına xüsusi diqqətlə yanaşması respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşımışdır.

Dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” 2010-cu il 9 fevral tarixli sərəncamı respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşımışdır. Sərəncamla Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına gənc alimlərin Avropanın elmi mərkəzlərinin doktoranturalarında təhsil almaları üçün 500 min (beş yüz min) manat məbləğində vəsait ayrılmışdır. Bu, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası baxımından son dərəcə əhəmiyyətli addım olmuşdur.

AMEA-nın infrastrukturunun, maddi-texniki bazasının, iş şəraitinin yaxşılaşdırılması məsələləri də son 11 ildə Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Dövlət başçısının 29 aprel 2011-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” sərəncamı da AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsinə və mövcud bir sıra problemlərinin həllinə xidmət etmişdir. Ötən illərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının inşasına başlanmış, Azərbaycan Milli Tarix Muzeyində, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyində, Rəyasət Heyətinin binasında təmir işləri başa çatdırılmışdır.

Prezident İlham Əliyevin son illər imzaladığı sərəncamlarla, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, kadr potensialının gücləndirilməsi məqsədi ilə zəruri vəsaitlər ayrılmışdır.

Akademiya sistemində həyata keçirilən islahatlar son 2 ildə daha geniş vüsət almış, AMEA-da genişmiqyaslı struktur dəyişikliyinə başlanılmışdır. Bu islahatların əsas məqsədi AMEA-nın fəaliyyətini mövcud qanunvericiliyin tələblərinə uyğun təmin etmək, hüquqi təminat bazasını möhkəmləndirmək və idarəetmə strukturunu təkmilləşdirməkdir. Təhsil və kadr siyasətinin müasir səviyyədə qurulması, informasiya və elmin kütləviləşdirilməsi sahələrində fəaliyyətin səmərəliliyinin artırılması da islahatların hədəflərindəndir. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində müasir dövrün idarəetmə sistemlərinə uyğun yeni akademik bölmə və şöbələr yaradılmış, idarəetmə sisteminin müasirləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. İdarəetmədə çevikliyin və aparılan islahatların səmərəsinin artırılması, elmi müəssisələr üçün aktual məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının tapılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorlar Şurasının yaradılması da mühüm yeniliklərdən biri olmuşdur. İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması əldə olunan elmi nəticələrin praktikada tətbiqi istiqamətində aparılan islahatların uğurlu davamıdır.

Elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması AMEA-nın fəaliyyətində mühüm yerlərdən birini tutur. Bununla bağlı akademiya nüfuzlu “Thomson Reuters” jurnalı ilə elmi təcrübələr həyata keçirir. Gənc alimlərin zəhmətinin stimullaşdırılması son dərəcə vacib məsələlərdən biridir. Bu məqsədlə son illər 8 gənc alimin adı Prezident mükafatına namizəd irəli sürülmüşdür. 2014-cü ildə Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçı Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilmişdir. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimlərin yaradıcılığını stimullaşdırmaq məqsədi ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsis olunması da mühüm yeniliklərdən biri olacaqdır. Bundan başqa, hazırda AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması istiqamətində də mühüm işlər görülür.

AMEA-nın həyata keçirdiyi islahatlar onun mühüm elmi-tədqiqat institutlarından biri olan Fəlsəfə və Hüquq İnstitutunda da ciddiliklə nəzərə alınır. Son illərdə institutun ümumi tədqiqat planlarında müasir dövrün aktual fəlsəfi, siyasi və hüquqi problemlərinin tədqiqinə xüsusi diqqət yetirilir, elmi istiqamətlər müəyyənləşdirilir. Birinci elmi istiqamət Azərbaycan fəlsəfə tarixi, ictimai-siyasi, mənəvi-psixoloji tərəqqi, sosial idarəetmənin və vətəndaş cəmiyyətinin formalaşması; qlobal etika və milli əxlaq, ideologiya ilə əxlaqın qarşılıqlı münasibətləri, estetika və mədəniyyət, idrakın, təbiətşünaslığın, qloballaşmanın və informasiya cəmiyyətinin fəlsəfi problemlərini; ikinci istiqamət Azərbaycanda demokratik hüquqi dövlətin formalaşması məsələlərini; üçüncü istiqamət Azərbaycanda beynəlxalq münasibətlər sistemini və ölkədaxili siyasi prosesləri əhatə edir.

İnstitut hər 3 elmi istiqamət üzrə Azərbaycan və Şərq xalqlarının fəlsəfi və ictimai fikir tarixi; müasir Azərbaycanda yeniləşmə proseslərinin sosial-fəlsəfi və sosial-siyasi problemləri; mənəvi, etik və estetik baxışların, sosial dəyərlər sisteminin inkişaf xüsusiyyətləri; milli və tarixi özünüdərk; gender, dinşünaslıq problemləri və müasir Azərbaycanın mədəni, ideoloji həyatında və ictimai-siyasi proseslərdə onların təzahürü; idrak nəzəriyyəsi, sosial idarəetmənin, təbiətşünaslığın və informasiya cəmiyyətinin fəlsəfi problemləri; geosiyasət və Azərbaycanın beynəlxalq münasibətlər sistemində xarici siyasət strategiyası; müstəqil Azərbaycanın demokratik inkişaf yolları və formaları, ictimai-siyasi proseslərin demokratikləşdirilməsinin sosial və mənəvi faktorları; hüquqi dövlətə keçid dövründə dövlət və hüquq quruculuğu problemləri və s. məsələləri tədqiq edir. İnstitutun fəaliyyətinin başlıca məqsədi Azərbaycan xalqının mənəvi mədəniyyətinə, ictimai-fəlsəfi fikrinin tarixinə, fəlsəfə, siyasət və hüquq elmlərinin aktual problemlərinə dair aparılmış elmi tədqiqatların nəticələrini elmi əsərlər kimi nəşr etdirməkdir.

Vaxtilə institutun yetirdiyi alimlər hazırda Rusiyada, Türkiyədə, İran İslam Respublikasında, İsraildə, ABŞ-da və bir sıra başqa ölkələrdə elmi fəaliyyətlə məşğuldurlar. İnstitut kollektivinin qarşısına qoyduğu vəzifələrdən biri də xarici ölkələrlə elmi əlaqələri genişləndirməkdir. Əməkdaşlarımız Rusiya, Qazaxıstan, Almaniya, Fransa, Türkiyə, İran İslam Respublikası və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda fəal iştirak edirlər.

İnstitut Azərbaycan MEA Rəyasət Heyətinin, Milli Elm Assosiasiyası və Respublika Elm Fondunun təsis etdikləri “Şərq Fəlsəfəsi Problemləri” adlı elmi jurnal çap etdirir. Jurnalın redaksiya heyəti və redaksiya şurası İslam regionu fəlsəfəsinin ənənələri və müasir nailiyyətləri ilə elmi ictimaiyyəti və geniş oxucu kütləsini tanış etməyi arşısına məqsəd qoymuşdur.

Son illər ərzində institutun Rusiya, İran İslam Respublikası, Türkiyə, Ukrayna, Qazaxıstan, Misir, Belarus Respublikası ilə elmi əməkdaşlığı genişlənməkdədir. Buna institutun xarici ölkələrlə birgə keçirdiyi beynəlxalq konfransları misal göstərmək kifayətdir. Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş, 10-dan çox xarici ölkə alimlərinin qatıldığı “İbn-Ərəbi simpoziumu”nu (2009), “Muğamın fəlsəfəsi” adlı beynəlxalq konfransı (2009), ənənə şəklini almış ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilən “Heydər Əliyev qiraətləri. Qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı əlaqəsi. 2009-2010” Moskva və Bakı forumlarını, Fransa, Kanada, Türkiyə, Rusiya və İran alimlərinin iştirakı ilə baş tutmuş beynəlxalq konfransları misal göstərmək olar.

Müasir dövrdə intellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə hətta zəngin təbii sərvətləri belə üstələyir. Hesablamalara görə, hazırda 1 kiloqram elmtutumlu məhsulun dəyəri 70 ton neftin qiymətinə bərabərdir. Yeni dünya nizamında elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasion yeniliklərin başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin, ən başlıcası isə demokratikləşmə prosesinin mühüm amilləridir. Bu baxımdan son illərdə milli gəlir artdıqca, ölkə başçısı İlham Əliyevin respublikamızda elmə, təhsilə, informasiya texnologiyalarına ayırdığı vəsaitlərin həcmi də artır və bu da insan amilinin və ümumən demokratik proseslərin inkişafı üçün etibarlı təməl yaradır.

İlham Məmmədzadə, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor

"Xalq qəzeti", 30 dekabr 2014-cü il

  • Paylaş: