Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan konfrans keçirilib
03.12.2020 14:57
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan konfrans keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 70 illik yubileyinə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri onlayn konfrans keçirilib.

4 gün davam edən tədbirdə müxtəlif ölkələrin, o cümlədən respublikamızın elm və təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak ediblər.

Tədbiri institutun direktoru, akademik Teymur Kərimli açaraq hazırda xalqımızın möhtəşəm zəfər sevinci, tarixi günlər yaşadığını qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun fitnəkar düşmən üzərində qazandığı böyük qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Akademik, həmçinin 2020-ci ilin həm də Əlyazmalar İnstitutunun 70 illik yubileyi ilə əlaqədar əlamətdar olduğunu ifadə edib. Ölkəmizin zəngin əlyazmalar xəzinəsinə malik olduğunu deyən alim ümummilli lider Heydər Əliyevin Əlyazmalar İnstitutunu milli sərvətimiz adlandıraraq burada qorunub saxlanılan nadir kitabları Azərbaycanın qiymətli tarixi abidələri kimi dəyərləndirdiyini xatırladıb.   

Nəsillər arasında informasiya mübadiləsində mühüm mənbə olan əlyazmaların vahid məkanda toplanmasının əhəmiyyətini vurğulayan akademik Teymur Kərimli bildirib ki, bu, onların qorunmasının peşəkarlara həvalə edilməsini təmin etməklə yanaşı, tarixi əhəmiyyətli qaynaqların öyrənilmə prosesini, tərcümə, transliterasiya işini də vahid mərkəzdən idarə etmə imkanı yaradır.

Kağız üzərində həkk olunan yazılı abidələrin həssaslığından söz açan alim Əlyazmalar İnstitutunun laboratoriyalarında bərpaçı mütəxəssilərin köməyilə yenidən istifadəyə təqdim edilən əlyazmaların elektronlaşdırılmasının dövrün tələbi olduğunu bildirib. O, elektron kitabxananın hazırlanması istiqamətində görülən işləri nəzərə çatdırıb, əlyazmalar fondunun zənginləşdirilməsinin mühüm vəzifələrdən olduğunu qeyd edib. Akademik respublikamızda əlyazmaların toplanması və mühafizəsi sahəsində illərin sınağından uğurla çıxan elmi müəssisənin üzərinə Azərbaycan mədəniyyətinin dünyada təbliği kimi məsuliyyətli vəzifənin də düşdüyünü bildirib. Vurğulayıb ki, burada qorunub saxlanılan dünya şöhrətli əlyazmalar YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.  

Gənclərin əlyazmaşünaslıq elminə cəlb olunması istiqamətində institutun magistratura pilləsinin əhəmiyyətini vurğulayan alim müxtəlif stimullaşdırıcı layihələrin həyata keçirildiyini söyləyib.

Akademik Teymur Kərimli AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondu ilə əməkdaşlıq çərçivəsində əldə olunan uğurlardan da söz açıb. Bu əlaqələrin pandemiya dövründə də onlayn davam etdirildiyini bildirən T.Kərimli qədim diyarımızın əlyazmalarının tədqiqi istiqamətində əldə olunan nailiyyətlərdən söz açıb.

Alim çıxışının sonunda 70 yaşını qeyd edən elm ocağında işğaldan azad olunan torpaqlarımızla bağlı tədqiqatların aparılacağını vurğulayıb.

AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov isə çıxışında tədbir iştirakçılarını şanlı qələbəmiz və Əlyazmalar İnstitutunun yubileyi münasibətilə təbrik edib. 70 illik şərəfli tarixi dövr qət etmiş elmi müəssisənin fəaliyyətini dəyərləndirən alim həyata keçirilən birgə layihələrdən, əldə olunan elmi nailiyyətlərdən söz açıb. Rəhbərlik etdiyi fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla  yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitabların da mühafizə olunduğunu qeyd edib. Həmin əlyazmalar haqqında geniş məlumat verən alim bildirib ki, sözügedən kitabların Azərbaycan oxucusunun bədii zövqünün formalaşmasında, dünya mədəniyyəti ilə tanış olmasında, həmçinin ölkəmizdə tərcümə sənətinin və məktəb tarixinin öyrənilməsində əhəmiyyəti böyükdür.

Sonra çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Vətən müharibəsinin xalqımızın böyük qələbəsi ilə başa çatması və Əlyazmalar İnstitutunun 70 illik yubileyi münasibətilə təbrikini səsləndirib. Əlyazmalar İnstitutunun fəaliyyətini yüksək qiymətləndirən alim rəhbərlik etdiyi bölmə ilə elmi müəssisə arasında uzun illərdən bəri davam edən əməkdaşlıq əlaqələri sayəsində uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb.

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən Konfutsi adına Özbək-Çin İnstitutunun direktoru, dosent Saodat Nasirova öncə Qarabağ uğrunda haqq savaşında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfər çalması münasibətilə xalqımızı təbrik edib. Alim Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə rəhbərlik etdiyi institut arasında cari ilin iyununda elmi-mədəni əməkdaşlıq sahəsində qarşılıqlı anlaşma və əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Nadir kitab abidələrinin, o cümlədən qədim əlyazma və əski çap kitablarının tədqiqi və tərcüməsi sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirildiyini vurğulayıb.

Konfransda institutun beynəlxalq əməkdaşlıq əlaqələri haqqında da məlumat verilib. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova qeyd edib ki, vaxtilə dünyanın müxtəlif kitabxana, muzey və arxivlərinə daşınmış milli sərvətimizin surətini əldə etmək elmi müəssisənin əsas hədəflərindəndir. Bu baxımdan Türkiyə, İran, Səudiyyə Ərəbistanı, ABŞ, Almaniya, Rusiya, İngiltərə və digər  ölkələrlə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyanın müxtəlif kitab xəzinələrində saxlanılan Azərbaycan əlyazmaları haqqında informasiyanın toplanması, institutun əlyazma ekspozisiyasının təşkili, yenilənməsi, qorunub saxlanılması və təbliği işi uğurla həyata keçirilir.

Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov isə çıxışında Əlyazmalar İnstitutunun fondlarında saxlanılan  materialların sistemli şəkildə tədqiqi, elmmetrik təhlili və elmi təsviri, nəşrə hazırlanan çap məhsulu, nəşrlərin nüfuzlu elmi indeksləşdirmə bazalarında və akademik sosial şəbəkələrdə qeydiyyatı, həmçinin reytinqinin yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat verib.

Tədbirdə, həmçinin institutun direktor müavinləri, filologiya üzrə elmlər doktorları - Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və digərləri çıxış ediblər.

Növbəti günlərdə keçirilən onlayn bölmə iclaslarında A.Əliyeva-Kəngərlinin “Dünya kitabxanalarında saxlanılan “Koroğlu” eposu əlyazmalarının müqayisəli təhlili”, P.Kərimovun “Bəsiri əsərlərinin əlyazma nüsxələri barədə”, Ə.Nəcəfzadənin “Nizami Gəncəvinin “Xeyir və Şər” hekayəsinin ana qaynağı haqqında” və digər alimlərin müxtəlif mövzularda məruzələri böyük maraqla qarşılanıb.

Sonda perspektivlər tədqiqatlar ətrafında rəy və təkliflər səsləndirilib, konfransın bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: