Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zərdabda “Regional İnnovasiya Proqramı”nın təqdimat mərasimi keçirilib
30.12.2014 00:00
  • A-
  • A
  • A+

Zərdabda “Regional İnnovasiya Proqramı”nın təqdimat mərasimi keçirilib

Zərdabda ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası”nın müddəalarına uyğun olaraq AMEA Elmi İnnovasiyalar Mərkəzində ilk dəfə bu rayon üçün hazırlanmış “Regional innovasiya proqramı”nın təqdimat mərasimi keçirilib.

Dekabrın 26-da Zərdab rayonu Heydər Əliyev Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayev açıb.

Tədbirdə iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev “Regional innovasiya proqramı”nın quruluşu və məzmunu ilə bağlı ətraflı məlumat verib.

Mərasimdə, həmçinin akademiklər Ziyad Səmədzadə, Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Əli Nuriyev, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov, polkovnik Abdulla Qurbani və başqaları məruzələrlə çıxış ediblər.

Bildirilib ki, Zərdab rayonu bu gün özünün əsl inkişaf və tərəqqi mərhələsini yaşayır. 2007-ci ildə rayonda əsas kapitala yönəldilən investisiyalar 1 milyon 295 min manat olduğu halda, 2013-cü ilin sonuna bu rəqəm 32 milyon 600 min manat təşkil edib. Ümumi məhsul istehsalı 2007-ci ildəki 37 milyon manatdan 2013-cü ildə 99,8 milyon manata qədər yüksəlib. Rayonun büdcəsi 2007-ci ilə nisbətən, 2013-cü ildə 2 dəfə, şəhər təsərrüfatının inkişafına ayrılan vəsaitin həcmi isə 5 dəfəyə qədər artmışdır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 il ərzində rayonda 8 mindən çox yeni iş yerləri açılıb.

Qeyd olunub ki, əsasən kənd təsərrüfatı rayonu olan Zərdabda son illər iqtisadiyyatın bu sahəsi sürətlə inkişaf edib. Hər il burada adambaşına 1 tona qədər taxıl məhsulu istehsal olunur. Rayonda aqrar sahə üzrə də uğurlu nailiyyətlər əldə edilib.

Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: