www.science.az
21.11.2013 00:00

“Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirildi

Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda(FSHİ) “İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirildi.

YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü"nə həsr olunmuş konfransda Azərbaycan alimləri ilə yanaşı, Fransa, İtaliya, Braziliya və Mərakeşdən olan alim və mütəxəssislər iştirak edirdilər.

AMEA FSHİ və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil olunan tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən danışdı, gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırdı. Bu gün münasibətilə hər il Azərbaycanda fəlsəfə elminin inkişafına töhfə verəcək beynəlxalq konfransların təşkil edildiyini bildirən İ.Məmmədzadə ölkəmizdə 2013-cü ilin “İKT ili” elan olunması ilə əlaqədar konfransın “İnformasiya texnologiyaları və fəlsəfə” mövzusuna həsr olunduğunu vurğuladı.

Təbrik nitqi ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylifəlsəfə elminin tarixi, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verdi. Fəlsəfə elminin tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçərək çoxsaylı müstəqil düşüncə, ideya və nəzəriyyələrlə zənginləşdiyini bildirən alim antik dövrdən müasir günümüzədək bu elmin mərhələli şəkildə tədqiq edildiyini vurğuladı. İlk fəlsəfi fikirlərin Şərqdə yaranıb inkişaf etdiyini qeyd edən İ.Həbibbəyli banisi ümummilli lider Heydər Əliyev olan azərbaycançılıq məfkurəsinin ən mühüm komponentlərinin dövlətçilik və vətənpərvərlik ideyaları olduğunu xatırlatdı.

Müstəqillik qazandıqdan sonra ölkəmizdə fəlsəfə elminin inkişafı naminə görülən işləri yüksək qiymətləndirən İ.Həbibbəyli qədim ənənələri olan Azərbaycan fəlsəfə məktəbinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Tədbirin dünyanın bir sıra ölkələrində qeyd olunduğunu bildirən YUNESKO-nun Azərbaycan təmsilçiliyinin birinci katibi Günay Əfəndiyeva konfransın müxtəlif fəlsəfi düşüncələri bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə son 2 ayda 20-dən çox tədbir təşkil olunub.

Azərbaycan-YUNESKO əlaqələrindən söz açan G.Əfəndiyeva ölkəmizin nüfuzlu təşkilatın müxtəlif komitələrinə üzv olduğunu, onun həyata keçirdiyi proqram və layihələrində iştirak etdiyini qeyd etdi. Bu işlərin həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırdı.

Tədbirdə, həmçinin AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat elmləri doktoru, professor İsa Alıyevin “Müasir dövrün iqtisadi problemləri”, Mərakeş Krallığının səfiri Həsən Haminin “İnformasiya cəmiyyəti şəraitində mənəvi korrupsiya məsələləri”, Fransa səfirliyinin Mədəniyyət Mərkəzinin müşaviri, fəlsəfə üzrə elmlər doktoru İv Zobermanın “Mondevilin təmsilləri və postmodern cəmiyyətinin şərhi”, FSHİ-nin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadənin “Azərbaycanda və İslam bölgəsi fəlsəfə tarixi haqqında elmi məlumatların internet vasitəsilə qlobal elm aləminə çatdırılması” və digər mövzularda məruzələr dinlənildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.