Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəhidlik zirvən mübarək, Mahsun!
27.11.2020 16:22
  • A-
  • A
  • A+

Şəhidlik zirvən mübarək, Mahsun!

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində igid gənclərimiz rəşadətlə vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib, lazım olanda vətən yolunda həyatlarını belə qurban verməkdən çəkinməyiblər. Belə gənclərdən biri də Lənkəran Regional Elmi Mərkəzinin işçisi Mahsun Zahir oğlu Bağırzadədir.

Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən könüllü kimi cəbhəyə yollanan Mahsun pulemyotçu kimi düşmənə qan uddurub. Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərin birində Mahsun Bağırzadə qəhrəmancasına şəhid olub.

Şəhid Mahsun Bağırzadə 1996-cı ildə Lənkəran rayonunun Xanbulan kəndində doğulub. Orta təhsilini Xanbulan kənd adına orta məktəbdə alıb.

İgid əsgərimiz bu ilin iyulunda Tovuzda baş vermiş döyüşlər zamanı könüllü cəbhəyə yazılıb və sentyabrın 27-də başlayan ordumuzun əks-hücum əməliyyatı zamanı istəyinə çatıb. Beləliklə, Mahsun İkinci Qarabağ müharibəsinin içtirakçısı olub və Füzuli istiqamətində gedən azadlıq müharibəsində döyüşlərə atılıb. Qardaşı Mahir Bağırzadə Mahsun haqqında belə deyir: “Onu yola salanda gülə-gülə söylədi ki, qəti narahat olmayın, onlara gücümüzü göstərməyin əsl vaxtıdır, erməni işğalçıların dərsləri verilməlidir ki, bilsinlər, kim kimdir”.

Mahsunun sorağı öncə Ağcabədidən, sonra Füzulidən gəlib. Fürsət tapan kimi zəng edirmiş. Atası özünə yer tapa bilmir. Deyir: “Elə bil özü, gülə-gülə şəhid olmağa getdi. Çox çətindi, amma şəhid adı ilə əbədi bir ad qazandı oğlum. O, bizim səcdəgahımızdır. Bundan sonra o tək mənim deyil, bütün Azərbaycanın oğludur”.

Şəhidimizin əsas döyüş yolu Füzulidən keçib. Bir sıra kəndlərin alınmasında mahir pulemyotçu kimi ermənilərə qan uddurub. Füzulidə gedən ağır döyüşlərdə xüsusi fəallıq göstərib, sona qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Mahsun canından əziz bildiyi vətən torpağına tapşırılarkən onunla vidalaşmağa gələnlərin sayı-hesabı olmayıb. Rayon rəhbərliyi, hərbi komissarlıq, işlədiyi AMEA Lənkəran REM-nin kollektivi, rayonun sayılıb seçilən ziyalıları və əlbəttə, dogma kəndin sakinləri qəhrəman övladlarını son yola salmağa gəlmişdilər…

Mahsunun şəhid olması xəbəri işlədiyi AMEA Lənkəran Regional Elmi Mərkəzində də böyük hüznlə qarşılanıb, hamının sevimlisi olan Mahsunun şəhid olması onları da dərin kədərə qərq edib. Lənkəran REM-nin direktoru, professor Fərman Quliyev Mahsunun işgüzar olmaqla yanaşı, hamının sevimlisi olduğunu, verilən bütün tapşırıqları həmişə yüksək səviyyədə yerinə yetirdiyini söyləyir. “Çalışqanlığı ilə böyükdən-kiçiyə hamının  hörmətini qazanmışdı. Belə gənc yetişdirdiyinə görə Bağırzadələr ailəsinə minnətdarlığımı bildirirəm”.

Professor mərkəzdə onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.

İndi xalqımız ordumuzun tarixi qələbəsini qeyd edir. Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin müdrik siyasəti nəticəsində artıq qoşunlarımız bir güllə atmadan Ağdamı, Kəlbəcəri azad ediblər, dekabrın 1-də isə Laçın rayonu da azğın düşmənlərdən azad olunacaq. Bu zəfərdə Mahsun Bağırzadənin də öz payı var. Tarix yazılanda, bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə onun da adı çəkiləcək. Bu isə hər kəsə qismət olmur. İşğalda olan vətən torpaqlarının azad edilməsi üçün həyatını qorxmadan fəda edənlər bu haqqa sahib olurlar, ölümünü gülə-gülə qarşılayan Mahsun Bağırzadə kimi oğullarımız!

Şəhidlik zirvən mübarək, Mahsun!

Sərraf TALIBOV, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: