Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub
26.11.2020 16:20
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanaya akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub

Akademiyanın Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin kitab kolleksiyası daxil olub.

Kolleksiyaya Fuad Əliyevin həmmüəllifliyi ilə çap olunmuş “Azərbaycanın Qərb bölgəsinin faydalı boyaq bitkiləri”, “Azərbaycanın təbii sərvətlərinin bioloji fəal maddələri”, “Bitki mənşəli təbii boyaqlar”, “Bitkilər müalicə mənbəyidir”, “Gəncəbasarın yabani tərəvəz bitkiləri”, “Kimya, ekologiya və sağlamlıq”, “Тəbii mühit və insan” kitabları ilə yanaşı, akademikin layihə rəhbərliyi və redaktorluğu ilə dərc edilmiş “Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhəri”, “Heydər Əliyev Fondu və Gəncə”, “Gəncə İmamzadə türbəsi” kitabları, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş monoqrafiyalar, “Məhsəti Gəncəvi dövründə sənətkarlıq” kitabı, AMEA-nın Gəncə bölməsinin, Nizami Gəncəvi Mərkəzinin, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə çap olunmuş nəşrlər, eləcə də ayrı-ayrı müəlliflərin kitabları daxildir. Akademik Fuad Əliyevin kitab kolleksiyası AMEA-nın Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda elmimizi dünya miqyasında tanıdan, Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin MEK-ə  hədiyyə etdiyi sənədlər, nəşrlərdən ibarət kolleksiyaların qorunduğu Akademiklər fondunda saxlanılacaq.

Xatırladaq ki, regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: