Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kimyaçı alimlərin 75 məqaləsi beynəlxalq bazalarda referatlaşan jurnallarda işıq üzü görüb
26.11.2020 12:25
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin 75 məqaləsi beynəlxalq bazalarda referatlaşan jurnallarda işıq üzü görüb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında 2020-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabatları dinlənilib.

İclası AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, institut əməkdaşlarının fəaliyyəti bu il qənaətbəxş olub. Qeyd edib ki, 2020-ci ilin 11 ayı ərzində müəssisə alimlərinin 90-dan çox məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə, o cümlədən onlardan 75-i "Web of Science" (65) və "Scopus" (10) bazalarında işıq üzü görüb.

Hesabat ilində 7 monoqrafiyanın nəşr olunduğunu deyən akademik diqqətə çatdırıb ki, cari ildə müəssisə üzrə 7 mühüm elmi nəticə əldə edilib və tezliklə AMEA-nın Kimya Elmləri Bölməsinə təqdim olunacaq. D.Tağıyev rəhbərlik etdiyi qurumun alimlərinin apardıqları elmi tədqiqatların nəticələrinə aid məqalələrə cari ildə 800-dən çox istinad olunduğunu, həmçinin institutun elmi işçilərinin 11 patent aldığını söyləyib.

Sonra laboratoriya və şöbə müdirlərinin hesabat məruzələri dinlənilib, müzakirələr aparılıb.

Akademik Dilqəm Tağıyev hesabatlar ətrafında təklif və tövsiyələrini verərək bildirib ki, növbəti illərdə fundamental işlərlə yanaşı, tətbiqi xarakterli elmi-tədqiqat işlərinə də üstünlük verilməli, kadr hazırlığına ciddi diqqət yetirilməli, doktorant və dissertantların mövzuları perspektivli sahələri əhatə etməlidir.

Sonda dinlənilən hesabatlar qənaətbəxş hesab edilərək qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: