Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın xatirəsi anılıb
26.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-da Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın xatirəsi anılıb

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə həsr olunmuş “Çağlayan şair” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir AR Prezidenti İlham Əliyevin “Rəfiq Zəka Xəndanın 75 illik yubileyinin keçirilməsi” haqqında 16 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatına dərindən bələd olan, poeziyamıza dəyərli töhfələr verən Rəfiq Zəka Xəndanın ədəbi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, onun yaradıcılığının əsas istiqamətləri Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümündən ibarətdir.

Rəfiq Zəkanı 1960-90-cı illər romantik ədəbiyyatımızın nümayəndəsi kimi xarakterizə edən İsa Həbibbəyli vurğulayıb ki, ədib əsərlərində türk düşüncəsini, türklüyə məhəbbətini ifadə edib.

Sonra çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov Rəfiq Zəkanın özünəməxsus poeziyasının geniş oxucu rəğbəti qazandığını, onun 300-dən çox şeirinə mahnılar bəstələndiyini söyləyib.

Bildirilib ki, Rəfiq Zəka Xəndanın əsərləri nəinki Azərbaycanda, Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk Mükafatı laureatı olub, Türkiyənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunub. Kitabları Ankara və İstanbulda kütləvi tirajlarla çap edilib.

Tədbirdə institutun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar Mədəniyyət İşçisi, filologiya elmləri doktoru Vaqif Yusifli, Əməkdar Jurnalist Flora Xəlilzadə, XX əsr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Şirindil Alışanlı məruzələrlə çıxış ediblər. Ədibin həyat və yaradıcılığı barədə məlumat verən məruzəçilər R.Z.Xəndanı həm şair, həm də alim kimi xarakterizə ediblər.

Görkəmli ədibin şəxsi keyfiyyətləri barədə geniş söhbət açılaraq onun klassik ənənələrə sadiqliyi, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığı yüksək dəyərləndirilib, mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd edilib.

Diqqətə çatdırılıb ki, Rəfiq Zəka ədəbiyyatımızın müxtəlif problemlərinə aid onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifi, ötən əsrin ədəbiyyat tarixinin mötəbər və nüfuzlu tədqiqatçılarından biri kimi tanınır. Həmçinin Rəfiq Zəkanın iti hafizəli bir insan olduğu vurğulanıb.

Sonda çıxış edən görkəmli ədibin həyat yoldaşı, Bakı Slavyan Universitetinin dosenti Nailə Xəndan şairin xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: