Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bizim zəfər yürüşümüz
24.11.2020 15:34
  • A-
  • A
  • A+

Bizim zəfər yürüşümüz

Son günlər hər birimiz Azərbaycanın şanlı tarixi günlərini yaşayırıq. Müzəffər ordumuz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni tarixini yazdı. Bu gün bütün Azərbaycan gəncləri cənab Prezidentin ətrafında bir yumruq kimi sıx birləşərək ona öz dəstəklərini ifadə edirlər. Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə - informasiya müharibəsində də düşmənin layiqli cavabını verdilər.

Bu günlərdə Azərbaycan gəncləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirməklə yanaşı, dövlət başçısının müəyyən etdiyi strateji əhəmiyyətli vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, ölkəmizin inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar. Gənclərimizin doğma vətənimizin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyünün bərpa edilməsində, daima ön cərgələrdə olmaları və bu yolda canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmələri ilə bütün Azərbaycan xalqı fəxr edir. Qürurverici haldır ki, Azərbaycan ordusu sıralarında vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyəti gənclərdən ibarətdir. 2020-ci ilin 27 sentyabr tarixində başlanan əks-hücum əməliyyatlarında iştirak edən gənclərimiz, həmin tarixdən bu günə kimi illər ərzində işğal altında qalan torpaqlarımızın böyük hissəsini işğalçılardan azad ediblər. İndi həmin torpaqlarda – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında, Hadrut, Ağbənd qəsəbələrində, Suqovuşanda və noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə elan etdiyi “Qarabağın mirvarisi” Şuşa şəhərində Azərbaycan bayrağı dalğalanır. Bu böyük tarixi qələbədə gənclərimiz əsl şücaət və qəhrəmanlıq nümayiş etdirdilər. Dövlət başçısı öz çıxışlarında ordumuzun uğurlarını yüksək qiymətləndirərək bildirmişdir: “Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”

Bu gün Azərbaycanın yenilməz ordusu dünya miqyaslı ordular sırasındadır.

8 noyabr tarixində Şəhidlər Xiyabanını ziyarət edən cənab Prezidentin “Mən bu gün eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözlərini dinləyərkən bütün Azərbaycan xalqı qürur hissi keçirirdi və bu kəlmələr bir daha sübut etdi ki, Ali Baş Komandan cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirir.

Daim Azərbaycanın yanında olan və ona dəstək olan qardaş Türkiyə dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Türkiyənin Kocaeli vilayətində keçirilən konqresdəki çıxışında Azərbaycan xalqını Şuşa zəfəri münasibətilə təbrik etdi: “Şuşa zəfərini təbrik edirəm. Azərbaycanlı qardaşlarımızın sevinci bizim də sevincimizdir. Şuşanın qurtuluşu işğal altında qalan digər torpaqların da azad ediləcəyinin yaxın olduğunu göstərir”. 10 noyabr qələbə günündə isə Türkiyə dövləti xalqımızı möhtəşəm qələbə münasibətilə təbrik edərək bildirib: “Azərbaycan özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və Türkiyə hər zaman qardaş Azərbaycan xalqına dəstək olacaq”.

Bu zəfər günündə Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır. Bu cür qürur doğuran mənzərələr Azərbaycan-Türkiyə qardaşlığının daima davam edəcəyini bildirir.

Azərbaycan ordusunun Şuşa döyüşlərində göstərdiyi cəsurluq və şücaətləri xarici media mənbələrində də işıqlandırılıb. Rusiya medialarından birində qeyd olunur: “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə - döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...”. Şanlı ordumuz haqqında bu cür məlumatların işıqlandırılması onun yenilməz gücünün artıq digər dövlətlər tərəfindən tanınmağına da bariz nümunədir.

Bu gün respublikamızda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik olan gənclər formalaşıb. Azərbaycan gənclərinin dövlətimizin ictimai-siyasi həyatında rolu hər gün artmaqdadır və hazırda respublikada mövcud olan gənclər təşkilatları dövlətin yaratdığı şərait sayəsində fəaliyyət göstərir. Məhz dövlət başçısının gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlətin bu qayğısını həmişə hiss edərək öz nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Son günlər Azərbaycanın hər bir vətəndaşı, xüsusən də gənclər informasiya müharibəsində çox fəal oldular və düşmənə adekvat cavab verdilər. Qarabağ həqiqətlərinin dünyaya, xüsusən də münaqişələrin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara çatdırılması üçün bütün imkanlardan istifadə etdilər.

Bu şanlı günlərdə bütün dünya azərbaycanlıları cənab Prezidentə öz dəstəklərini nümayiş etdirir və onlara yaşatdığı bu tarixi, qürurverici günlər üçün dərin minnətdarlıqlarını bildirirdilər. Prezident cənab İlham Əliyev isə bu dəstəyi yüksək qiymətləndirərək öz çıxışında xüsusilə vurğulayıb: “Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”

Gənclərimizin ordu sıralarında torpaqlarımızın azadlığı uğrunda vuruşmaları bütün xalqımızı hədsiz qürurlandırır və fərəhləndirir. Mübariz əsgər və zabitlərimizin düşmənə sarsıdıcı zərbələr vurması bizi hər gün zəfərə bir addım daha da yaxınlaşdırırdı.

2020-ci ilin 10 noyabr tarixi bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə günü ilə başladı. Bu gün hər birimiz qürur, böyük sevinc hisləri yaşayırıq. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Torpaqlarımızı ordumuzun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış əldə etdik. Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir və Azərbaycan xalqı tarixi qələbəsini də öz müdrik rəhbərinin başçılığı ilə qazandı.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Tünzalə MUSAYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: