Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim BMT-nin beynəlxalq şəbəkəsinin nümayəndəsi təyin olunub
24.11.2020 10:57
  • A-
  • A
  • A+

Azərbaycanlı alim BMT-nin beynəlxalq şəbəkəsinin nümayəndəsi təyin olunub

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Qlobal Torpaq Tərəfdaşlığı (GSP) proqramı üzrə Torpaq İnformasiyaları İnstitutları Beynəlxalq Şəbəkəsinin (INSII) Azərbaycanda nümayəndəsi təyin olunub.

Bu haqda FAO-nun GSP katibliyinin məlumatında qeyd edilib. Bildirilib ki, hazırda torpaqda üzvi karbon potensialının qlobal xəritəsinin (GSOCseq) hazırlanmasına start verilib. Hər bir ölkə üzrə analoji xəritələr INSII-nin milli nümayəndələri tərəfindən FAO-ya təqdim olunacaq.

GSOCseq xəritəsi davamlı torpaq idarəetməsi nəticəsində atmosferdən torpaqlara karbonun toplanmasına potensial təsirini qiymətləndirmə prosesinə əsaslanan RothC modelləşdirmə yolu ilə hazırlanan qlobal bir xəritə olacaq. GSOCseq modelləşdirməsinin elmi və texniki mürəkkəbliyini, əvvəlki GSP layihələrində ilk torpaq üzvi karbon ehtiyatlarının qlobal xəritəsinin tərkib hissəsi kimi milli xəritəni hazırlaması və bu sahədə müsbət təcrübəsini nəzərə alaraq Amin İsmayılovun Azərbaycan üzrə INSII-nin nümayəndəsi təyin olunması tövsiyə edilib.

Bu istiqamətdə fəaliyyətin ilkin mərhələsi kimi 16-20 noyabr 2020-ci il tarixlərində videokonfrans vasitəsilə FAO-nun Romadakı Baş ofisində 5 günlük təlim keçirilib. Amin İsmayılovun təklifi ilə rəqəmsal torpaq xəritəçiliyi üzrə daha iki azərbaycanlı gənc mütəxəssis də bu təlimlərdə iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: