Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud” eposunun yeni tapılmış əlyazmasının aktual problemlərinə həsr edilən kitab çap olunub
18.11.2020 12:17
  • A-
  • A
  • A+

“Dədə Qorqud” eposunun yeni tapılmış əlyazmasının aktual problemlərinə həsr edilən kitab çap olunub

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası” adlı yeni kitabı işıq üzü görüb.

Nəşr “Dədə Qorqud” eposunun yeni tapılmış əlyazması olan “Kitabi-Türkman lisani” oğuznaməsinin aktual problemlərinə həsr edilib.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları Səfa QarayevHikmət Quliyevdir.

Kitabda ilk dəfə olaraq transmediativ yanaşma metodu tətbiq olunub, bütöv mətn, onun ayrı-ayrı hissələri, o cümlədən “boy”, ”soy”, ”yum” kimi janrların transmediativ informasiya vahidləri olduğu müəyyən edilib. Monoqrafiyada həmçinin “Ğaib” dünya konseptinin Oğuz mifoloji dünya modelinə o dünya ilə bu dünya arasında yerləşən və əsilzadə Oğuz igidlərinin ölüm zamanı çatdıqda “qeyb-yox”, getdiyi aralıq məkan – liminal dünya olduğu aşkar edilib. Bundan əlavə, “Kitabi-Türkman lisani” oğuznaməsindəki soyların transmediativ strukturu və ritual-mifoloji semantikası geniş təhlil olunub.

Kitabın redaktoru Qalib Sayılov “Qorqudşünaslıqda yeni məkan-zaman paradiqması” adlı “Ön söz”ündə yazır: “S.Rzasoyun “Kitabi-Türkmən lisani” oğuznaməsinin transmediativ strukturu və ritual mifoloji semantikası” adlanan bu kitabının ümumi dəyərinə, konsepsiyasına, elmi doktrinlərinə gəlincə, haqqında sabit, dəyişməz bir fikir söyləmək çətindir. Çünki bu tədqiqat Qorqudşünaslıqda, Oğuzşünaslıqda və bütöv türkolojidə dinamiklik yaradacaq, fikri hərəkətliliyə səbəb olacaq bir əsərdir. Kitabın yeniliklərini sadalamaqla qurtarmaq mümkün deyil. Ən azı o səbəbdən ki, hər bir elm adamının öz dəyərləndirmə sistemi var və bu kitab hər kəsin düşüncəsində fərqli mənalar doğuracaq”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: