Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beynəlxalq konfransda Naxçıvanın Eneolit mədəniyyətindən danışılıb
16.11.2020 10:57
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Naxçıvanın Eneolit mədəniyyətindən danışılıb

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Orta Asiyanın qədim və orta əsr mədəniyyətləri” mövzusunda onlayn formatda keçirilən beynəlxalq konfransda iştirak edib.

Tədbirdə “Naxçıvanın Eneolit mədəniyyətinin Yaxın Şərqlə əlaqələri” mövzusunda çıxış edən tarixçi alim Cənubi Qafqaz və Yaxın Şərqdə mövcud olmuş qədim əkinçilik mədəniyyətləri arasındakı qarşılıqlı əlaqənin öyrənilməsində Naxçıvanın Eneolit mədəniyyətinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan ərazisində bu mədəniyyəti özündə əks etdirən 20-dən çox abidə qeydə alınıb. Onların araşdırılması göstərir ki, Naxçıvanın Eneolit mədəniyyətinin hər 3 mərhələsi özünəməxsus xüsusiyyətləri ilə fərqlənməklə yanaşı, Yaxın Şərq mədəniyyətləri ilə də bəzi ortaq xüsusiyyətləri paylaşır.

Diqqətə çatdırılıb ki, bu fakt özünü Naxçıvanın erkən və orta Eneolit dövrü abidələrindən aşkar olunan Dalmatəpə tipli keramikanın timsalında, həmçinin son Eneolit abidələrindən üzə çıxarılan Übeyd-Uruk və Leylatəpə mədəniyyətlərini əks etdirən bəzi keramika nümunələrində göstərib.

Məruzədə bildirilib ki, bütün bunlar Eneolit dövründə Yaxın Şərq-Cənubi Qafqaz əlaqələrinin Naxçıvan ərazisinin körpü kimi əhəmiyyət kəsb etməsindən xəbər verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: