Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə genişlənib
22.12.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə genişlənib

Son illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar əhəmiyyətli dərəcədə genişlənib. Xarici ölkələrin akademik qurumları və beynəlxalq təşkilatlar ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Xeyli sayda ikitərəfli sazişlərin, memorandumların imzalanması beynəlxalq əməkdaşlığın inkişafı sahəsində əldə edilmiş uğurlar kimi meydana çıxır.

Xarici ölkələrlə əlaqələrə, onların təcrübəsindən yararlanmağa böyük önəm verən AMEA prezidenti, akademik Akif Əlizadə bu fikirləri Azərbaycan alimlərinin I qurultayında səsələndirib. Alim bu sahədə əldə olunmuş nailiyyətlərdən söz açaraq Avropa Birliyinin tədqiqat və innovasiya üzrə 7 illik proqram olan “Horizon - 2020” çərçivəsində AMEA-nın elmi müəssisələrində aktiv fəaliyyət müşahidə olunduğunu xüsusi qeyd edib. Proqramda AMEA-nın fəal iştirakını təmin etmək məqsədilə 16 prioritet istiqamət üzrə milli əlaqələndirici alimlərin təyin edildiyini və bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğulayıb.

“Akademiyanın bir sıra elmi müəssisələrinin beynəlxalq qrant layihələrində iştirakı səmərəli əməkdaşlığın nəticəsidir. Biz ABŞ, Almaniya, İtaliyanın nüfuzlu elmi mərkəzləri ilə müxtəlif elm sahələri üzrə birgə beynəlxalq laboratoriyaların yaranmasına nail olmuşuq. Güman edirəm ki, Azərbaycan alimləri hər şeydən öncə, ölkə və dünya üçün ən aktual elmi istiqamətlərdə Azərbaycanda analoqu olmayan xarici eksperimental qurğulardan da istifadə etməklə birgə tədqiqatların təşkili və aparılmasında fəal iştirak etməlidirlər. Fiziklərin CERN-də, geoloq və geofiziklərin MIT-də iştirakını və başqa iri Avropa layihələrini ölkə elmi üçün bu yöndəki əlamətdar örnəklər kimi göstərə bilərik. Azərbaycan institutlarının bu kimi beynəlxalq meqalayihələrdə iştirakı alimlərimiz üçün ən müasir, eləcə də unikal qurğu və cihazlarla işləməyə yol açır. Bununla yanaşı, Azərbaycan özü də unikal qurğular və təbii fenomenlər təklif edə bilər ki, bunların əsasında beynəlxalq tədqiqat mərkəzləri yaratmaq mümkündür. Beləliklə, Azərbaycanın aparıcı elmi müəssisələrini iri beynəlxalq layihə və proqramların həyata keçirilməsi mərkəzlərinə çevirmək və elmi mübadilə çərçivəsində xarici alimləri tədqiqatlara cəlb etmək olduqca vacibdir” deyə AMEA prezidenti bildirib.

Tədbirdə, həmçinin alim elmin inkişafının stimullaşdırılması məsələlərindən danışıb. Qeyd edib ki, AMEA-da elmi fəaliyyətlə məşğul olan işçilərə əmək haqqı verilməlidir: “Avropada və bir çox inkişaf etmiş ölkələrdə məhz belə yanaşma mövcuddur və biz bu təcrübədən istifadə edə bilərik. Çoxsaylı layihələrin və qrantların Azərbaycana milyonlarla dollar gətirdiyini nəzərə alsaq, demək olar ki, bizim alimlərimizin nüfuzu yüksək qiymətləndirilir. Artıq tarixə qovuşan 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası müxtəlif Amerika və Avropa təşkilatlarından 140-dan çox qrant alıb. Bu gün xaricdə işləyən və Azərbaycan elmi diasporunu təmsil edən görkəmli azərbaycanlı alim və mütəxəssisləri akademiyanın işinə daha sürətlə cəlb etmək lazımdır. Düşünürəm ki, müvafiq hüquqi əsasla tanınmış xarici alimlərin Elmlər Akademiyasına işə dəvət olunmasına qanuni icazə olmalıdır. Onların Azərbaycanın elmi laboratoriyalarında tədqiqatlarda iştirakı mühüm elmi nəticələrin əldə olunmasına kifayət qədər müsbət təsir göstərə bilər”.

Alim çıxışını Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna bir təklif verərək bitirib: “Fikrimizcə, “İlin ən yaxşı alimi” adlı qrantın təsis ediməsi də bu gün məqsədəuyğundur. Bu, aparıcı alimlərimizə həm daha yaxşı işləməyə, həm də Qərbin nüfuzlu elmi mərkəzləri və universitetlərində ixtisaslarını artırmağa imkan verəcək”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: