www.science.az
21.11.2013 00:00

Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov ilə görüş keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Belarus Respublikası Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri, akademik Vladimir Qusakov ilə görüş keçirildi.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, vitse-prezident, akademikİbrahim Quliyev, akademik-katib, müxbir üzv Rasim Əliquliyev, AR Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Beynəlxalq əlaqələr idarəsinin rəisi Qulam Babayev iştirak ediblər.

Müxtəlif fəaliyyət sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin Belarus dövlətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən qonaq bu məqsədlə hazırda Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfər etdiyini qeyd etdi. Rəhbərlik etdiyi qurumun elmlər akademiyalarının inkişafı proqramını hazırladığını ifadə edən V.Qusakov sənəddə müasir dövrün aktual elmi sahələri, alimlərin maddi-rifahının yüksəldilməsi, kadr hazırlığı və s. məsələlərin həlli yollarının öz əksini tapdığını söylədi. Belarus Respublikası Elmi-Texniki Komitəsinin fəaliyyətindən bəhs edən alim elmin iqtisadiyyata inteqrasiyası baxımından sözügedən qurumun əhəmiyyətli rola malik olduğunu bildirdi.

İnnovativ elmi nəticələrin istehsalatda tətbiqinin vacib şərt olduğunu qeyd edən qonaq bu baxımdan elmi-praktiki mərkəzlərin fəaliyyətini dəyərləndirdi. Bildirdi ki, bu istiqamətdə dünyanın nüfuzlu elmi qurumları ilə əməkdaşlıq çərçivəsində zəruri təcrübə əldə edilmişdir.

V.Qusakov Belarus Respublikası Milli Elmlər Akademiyasının AMEA ilə elmi-texniki sahədə də əməkdaşlıq əlaqələrinin bərqərar olmasında maraqlı olduğunu ifadə etdi. Sözügedən sahədə müştərək innovativ tədqiqatların aparılması üçün təklifləri səsləndirdi.

Akademik Akif Əlizadə 2007-ci ildən etibarən hər iki ölkənin elmlər akademiyaları və Belarus Respublikasının Fundamental Tədqiqatlar Fondu ilə mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi nəticəsində mühüm elmi nəticələrin əldə edildiyini bildirdi. Bugünkü görüşün gələcək planların müəyyənləşdirilməsi baxımından önəmli olduğunu vurğuladı.

Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına böyük diqqət göstərildiyini qeyd edən A.Əlizadə elmi-tədqiqatlarda kosmik proqramların imkanlarından yararlanmağın üstünlüklərindən bəhs etdi. Bu istiqamətdə birgə tədqiqatların aparılmasının hər iki qurum üçün mühüm əhəmiyyət kəsb edəcəyini ifadə etdi.

Görüşdə, həmçinin avtomatlaşdırılmış sistem, superkompüterlər və digər mövzular ətrafında fikir mübadiləsi aparıldı, gələcək perspektivlər müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.