Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.11.2020 16:29
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağda möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib

Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağda möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib

Noyabrın 11-də AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağ müharibəsində möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib.

Toplantını institutun direktoru, akademik Gövhər Baxşəliyeva açaraq qələbə münasibəti ilə müəssisənin kollektivini təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən G.Baxşəliyeva zəfərin Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanıldığını söyləyib. Bu qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağına əminliyini bildirən akademik mənfur düşmən tərəfindən viran qoyulan şəhər və kəndlərimizin dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqı tərəfindən bərpa edilərək, Qarabağın yenidən çiçəklənən diyara çevriləcəyini deyib.

Qurumun direktor müavini, akademik Şahin Mustafayev isə bu zəfərin tarixi əhəmiyyətindən danışaraq, onun əldə edilməsində Ali Baş Komandanın siyasi iradəsinin və müzəffər ordumuzun rəşadətinin rolundan bəhs edib.

İnstitutun əməkdaşı, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi bu qələbəni Azərbaycan xalqının tarixində baş verən hadisələr fonunda dəyərləndirərək öz mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda Şərqşünaslıq İnstitutunun kollektivinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edilib.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident, Ali Baş Komandan!

Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan ordusu cari il sentyabrın 27-dən başlayan və 44 gün davam edən döyüşlərdə şanlı zəfər qazanaraq 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan mənfur düşmənin – Ermənistanın ordusunu darmadağın edərək təslim olmağa məcbur etdi. Sizin 17 il ərzində çoxşaxəli daxili və xarici siyasətiniz sayəsində əldə edilən uğurlara söykənən və Sizin rəhbərliyiniz altında qüdrətli bir orduya çevrilən, vətənpərvər, cəsarətli əsgər və zabitlərdən ibarət Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsini, o cümlədən 5 şəhərini, bu sırada noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərini düşmən işğalından döyüşərək azad etdi. Qüdrətli Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyərək təslim olan Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da məğlubiyyətini etiraf edərək məlum bəyanata imza atdı.

Bununla da doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu. Uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bir sıra dünya dövlətləri Sizin diplomatik uğurlarınız, hərtərəfli düşünülmüş siyasətiniz sayəsində haqq mübarizəsini aparan Azərbaycan Ordusunun rəşadətli əsgərlərinin misilsiz döyüşkənliklə həyata keçirdikləri hərbi əməliyyatları sadəcə kənardan izləmək məcburiyyətində qaldılar.

İnanırıq ki, Sizin müdrik rəhbərliyiniz altında və titanik fəaliyyətiniz nəticəsində əldə edilən bu möhtəşəm qələbə xalqımızın tarixinə Qızıl hərflərlə yazılacaq!

İndi xalqımızın həyatında yeni dövr başlayır, möhtəşəm Böyük Qayıdışın ərəfəsindəyik. Qarabağın mənfur düşmən tərəfindən viran edilən şəhərlərini, kəndlərini bərpa etmək üçün Sizin rəhbərliyiniz altında quruculuq işlərinə başlayacağıq.

Biz Azərbaycanın bu şərəfli tarixini yazan Azərbaycan Respublikasının Prezidentinə, rəşadətli əsgər və zabitlərimizə möhtəşəm qələbə sevincini bizə yaşatdıqlarına görə öz dərin təşəkkürümüzü bildiririk, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyirik.

Eşq olsun Azərbaycan Prezidentinə,  Ali Baş Komandana!

Yaşasın Azərbaycan Ordusu!

Eşq olsun Azərbaycan xalqına!"

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: