Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Filosoflar Vətən müharibəsində əldə olunan qələbəni qeyd ediblər
11.11.2020 16:15
  • A-
  • A
  • A+

Filosoflar Vətən müharibəsində əldə olunan qələbəni qeyd ediblər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən müharibəsində əldə olunmuş qələbə münasibəti ilə tədbir keçirilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq qələbəyə görə iştirakçıları təbrik edib, şanlı zəfərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi rolu olduğunu vurğulayıb. O, çıxışı zamanı bildirib ki, ordumuz böyük vətənpərvərlik hissi ilə bir əlində Azərbaycan bayrağı, digər əlində silah tutaraq qələbəyə doğru əvəzolunmaz cəsarətlə öz torpaqlarını azad edib: "Qələbə təkcə silah gücü ilə yox, eyni zamanda müasir döyüş texnikasından, onun intellektual xüsusiyyətlərindən məharətlə istifadə etmək nəticəsində əldə edilib. Odur ki, qısa müddət ərzində ordumuz çox böyük nailiyyətlər qazandı və düşmən cəbhə boyu öz döyüş texnikasını, silah sursatını ataraq qaçdı. Bu qələbədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi olaraq qızıl hərflərlə qeyd etmək lazımdır".

Akademik vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev üç cəbhədə - həm ideoloji, həm informasiya, həm də döyüş cəbhəsində orduya rəhbərlikdə əzmlə çalışıb. "Təkcə onu qeyd etmək lazımdır ki, döyüş əməliyyatları aparan bir ölkənin Prezidenti İlham Əliyev məkrli və qərəzli bəzi xarici KİV-lərin müxbirlərinə, onların ittihamedici suallarına ingilis, rus və Azərbaycan dillərində dərin-məntiqli cavablar verib ki, həmin şəxslər susmağa məcbur olublar. Azərbaycan Respublikasının Prezidenti öz intellektual səviyyəsi, diplomatik istedadı ilə və təkzibolunmaz faktlarla dünyanın ən güclü dövlət liderlərindən biri olduğunu sübut etdi. Odur ki, İlham Əliyev qalib Prezident, qalib Ali Baş Komandan adını şərəflə daşımağa layiq bir yenilməz sərkərdədir", - deyə İ.Həbibbəyli söyləyib.

Sonra çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə əldə edilən nailiyyətlərin əhəmiyyətindən danışıb, qələbənin Azərbaycanın yeni və ən yeni tarixində misilsiz qazanc olduğunu vurğulayıb.

Sonda f.e.d., professor Rəfiqə Əzimova, f.e.d. Adil Əsədov və digər iştirakçılar mövzu ətrafında öz fikir və mülahizələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: