Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Sosial şəbəkələrdə saxta profillərin aşkarlanmasına dair elmi seminar keçirilib
11.11.2020 11:26
  • A-
  • A
  • A+

Sosial şəbəkələrdə saxta profillərin aşkarlanmasına dair elmi seminar keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin “Saxta profillərin klasterizasiyası” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirilib. Məruzəni təqdim edən institutun əməkdaşı Xəyalə Əhmədova sosial şəbəkələrdə qrup şəklində fəaliyyət göstərən saxta profillərin növləri, onların aşkarlanması əlamətləri və saxta profil qrupları ilə bağlı bəzi yanaşmalar haqqında məlumat verib.

Məruzəçi sosial şəbəkələrdə saxta profil qruplarının aşkarlanması zamanı istifadə edilmiş əlamət siniflərini diqqətə çatdırıb, saxta profil qruplarının fəaliyyətinin onların növlərindən asılı olaraq dəyişdiyini qeyd edib. Saxta profil qruplarının aşkarlanması üzrə təklif edilmiş bir sıra modellər haqqında məlumat verən X. Əhmədova  saxta profillərin klasterizasiyasının (qruplara bölünməsinin) əhəmiyyətini önə çəkib.

Tədqiqatçı bildirib ki, sosial şəbəkələrdən seçkilərə təsir etmək, ictimai rəyin yönləndirilməsi, şəxslərin və ya brendlərin nüfuzdan salınması, “rəngli” inqilablara təşəbbüs edilməsi və s. kimi məqsədlərlə  insanların manipulyasiya edilməsi zamanı troll profillər, sibil hesablar kimi qrup şəklində fəaliyyət göstərən saxta profillər geniş istifadə edilir. Klassifikasiya metodlarının tətbiqi zamanı profillər tək-tək analiz edildiyinə görə, klasterizasiya metodlarının tətbiqi ilə saxta profil qruplarının aşkarlanması daha səmərəlidir.

Daha sonra məruzəçi saxta profillərin klasterizasiyası üçün apardığı eksperimentlər və bu zaman istifadə etdiyi bazalar haqqında məlumat verib. O, eksperimentlər zamanı, əsasən, profil əsaslı əlamətlərdən, eləcə də lazımi əlamətlərin seçilməsi üçün ranq və əsas komponentlərin analizi (Principal Component Analysis, PCA) əsasında seçilmiş əlamətlərdən istifadə etdiyini vurğuladı. Verilənlərə k-means və DBSCAN alqoritmlərinin tətbiqi zamanı əksər hallarda k-means alqoritminin daha yaxşı nəticə verdiyini söyləyib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün maşın təlimi yanaşmaları əsasında metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsini və məqalələrin hazırlanmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: