Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

MBBİ-də Dövlət Bayrağı Günü qeyd olunub
10.11.2020 16:09
  • A-
  • A
  • A+

MBBİ-də Dövlət Bayrağı Günü qeyd olunub

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova açaraq bildirib ki, bu bayram xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib.

İ.Hüseynova diqqətə çatdırıb ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Akademik qeyd edib ki, bu il Bayraq Gününü daha böyük coşqu ilə qeyd etməyimizin əsas səbəbi torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibədə əldə etdiyimiz uğurlar, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etməsidir.

Sonra müəssisənin beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov institutun kollektivini bayram münasibətilə təbrik edib, Şuşanın azad olunması xəbərinin Türkiyədə də böyük coşqu ilə qarşılandığını, böyük türk xalqının Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamını bildirib.

Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, b.ü.f.d., dos. Ulduzə Qurbanova, Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dos. Samirə Rüstəmova, aparıcı elmi işçi, b.ü.f.d., dos., Birinci Qarabağ müharibəsinin iştirakçısı Nurməmməd Mustafayev çıxış edərək başda Ali Baş Komandan İlham Əliyev olmaqla, müzəffər ordumuzun əldə etdiyi uğurlardan, əsgərlərimizə inam və dəstəkdən söhbət açıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarına Allahdan rəhmət diləyiblər.

Sonda Bayraq Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: