Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Türk Dil Qurumu “Azərbaycan dili və mədəniyyəti” mövzusunda konfrans keçirib
06.11.2020 15:48
  • A-
  • A
  • A+

Türk Dil Qurumu “Azərbaycan dili və mədəniyyəti” mövzusunda konfrans keçirib

Türk Dil Qurumunun (TDK) təşkilatçılığı ilə dövlət müstəqilliyimizin 29-cu ildönümünə həsr olunan “Azərbaycan dili və mədəniyyəti” mövzusunda konfrans keçirilib.

Tədbir öz işinə Türkiyənin Mədəniyyət və Turizm naziri Məhməd Nuri Ərsoyun ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Nazir məktubunda işğal altındakı vətən torpaqlarının azadlığı uğrunda mübarizə aparan qəhrəman Azərbaycan əsgərlərini salamlayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Həmçinin məktubda Azərbaycan dili, mədəniyyəti yüksək dəyərləndirilib.

Sonra TDK-nın başqanı, professor Gürər Gülsevin, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Məhəmməd Həkimoğlu və  Azərbaycan  Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli Səfiri Xəzər İbrahim Türk Dil Qurumunun “Youtube” kanalında canlı yayımlanan konfransın açılışında danışıblar.   

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, Ankara Türk Dil Qurumunun İdarə Heyətinin üzvləri, professorlar Hülya Kasapoğlu Çəngəl, Ərdoğan Uyğur və İsmət Çətin Azərbaycan dili və mədəniyyətinə aid  elmi məruzələrlə çıxış ediblər.

“Qarabağ ədəbiyyatı və mədəniyyəti” mövzusunda çıxış edən T.Məmməd Qarabağda xanlıqlar dövründə və daha sonra mədəniyyətin yüksək inkişafından, Şuşa ədəbi məclislərindən bəhs edib, burada yetişmiş görkəmli mədəniyyət xadimlərimiz haqda məlumat verib.

Konfransda, həmçinin akademik Kamal Abdullayevin 70 illiyi münasibətilə iştirakçıların təbrikləri səslənib, onun Azərbaycan dili və ədəbiyyatı sahəsindəki yüksək xidmətləri qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: