Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında ordumuza dəstək ifadə olunub
05.11.2020 16:58
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclasında ordumuza dəstək ifadə olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.

Tədbiri AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb. Torpaqlarımızın işğaldan azadlığı uğrunda qəhrəman ordumuzun mübarizəsinə toxunan akademik AMEA-nın kollektivi adından Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız müharibədə xalqımıza qələbə arzulayıb: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə cəbhədə mübarizə aparır. Ölkə başçısı İlham Əliyevin sözün əsl mənasında dünya liderlərindən biri olduğunu bu müharibədə hər kəs gördü. Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Azərbaycanın şanlı ordusu yüksək peşəkarlıq nümayiş etdirərək zəfər çalacaq".

Akademik, həmçinin əlavə edib ki, mətbuat səhifələrində mütəmadi olaraq akademiya alimlərinin, o cümlədən Ədəbiyyat İnstitutunun əməkdaşlarının Ali Baş Komandanın apardığı siyasətə, cəbhədə qazanılan uğurlara, Azərbaycan əsgərinə münasibətini ifadə edən məqalələr yayımlanır. Bildirib ki, AMEA Rəyasət Heyəti adından 40-dan çox ölkənin 73 elm və təhsil təşkilatına, həmçinin beynəlxalq elmi cəmiyyət və assosiasiyalarına müraciət göndərilib. Bundan əlavə, diqqətə çatdırıb ki, sentyabrın 27-dən noyabrın 2-dək alimlərimiz 346 münasibət bildirən yazı, 64 araşdırma məqaləsi çap etdirib, televiziyalarda 119 dəfə müxtəlif müsahibələrlə çıxış ediblər. Eyni zamanda AMEA Rəyasət Heyəti aparatının mətbu orqanı olan “Elm” qəzetinin müharibə başlayandan ayda 4 dəfə nəşr edilərək bu məsələni mütəmadi və geniş işıqlandırdığını vurğulayıb. Akademik AMEA-nın elmi müəssisə və təşkilatlarının Silahlı Qüvvələrin Yardım Fonduna mütəmadi ianə köçürdüyünü, ümumilikdə akademiya adından Milli Ordumuza 400 min manata (Ədəbiyyat İnstitutu 10 min manat) yaxın məbləğdə yardımın göstərildiyini söyləyib.

Ölkəmizin haqq savaşına olan dəstəkdən söz açan İ.Həbibbəyli qardaş Türkiyənin mənəvi dəstəyini xüsusilə qeyd edib: "Türkiyə bizə həm beynəlxalq miqyasda, həm də ölkə daxilində çox böyük dəstək verir. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun söylədiyi "Siz Qarabağda bu günə qədər qazandığınız zəfərlərlə türkün adını dastana yazdınız" sözləri çox qürurvericidir. Bu, həqiqətən belədir, biz də qardaş Türkiyəyə minnətdarıq. Eyni zamanda Pakistan və digər dövlətlərin də birmənalı dəstəyini yüksək dəyərləndiririk. İnanıram ki, qəhrəman ordumuz ən yaxın zamanlarda Xankəndinə, Şuşaya üçrəngli Azərbaycan bayrağını sancacaqdır".

Sonra gündəlikdəki digər məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Məhəmməd Hadinin 140, Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamlarına uyğun olaraq müəssisədə görülən işlər haqqında məlumat verilib.

Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov isə Polşa Xalq Respublikasının Byalıstok Universiteti ilə Ədəbiyyat İnstitutunun birgə Avropa Şurasının “Horizon 2020” proqramı üzrə mobillik layihəsinin qalibi olmasından söz açıb.

Eyni zamanda “Ədəbi proses - 2019” yaradıcılıq müşavirəsinin yekunları və müəssisənin şöbələrində 2020-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirə edilməsinin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Sonda çapa tövsiyə olunan kitab və məqalələr Elmi şura iştirakçılarına təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: