Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Jestlərin tanınma sistemləri üçün modelləşdirmə mexanizminin tipləri təhlil edilib
05.11.2020 10:30
  • A-
  • A
  • A+

Jestlərin tanınma sistemləri üçün modelləşdirmə mexanizminin tipləri təhlil edilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin növbəti onlayn elmi seminarında “Jestlərin tanınma sistemləri üçün modelləşdirmə mexanizminin tipləri” mövzusunda məruzə dinlənilib.

Məruzəni institutun baş mütəxəssisi Kəmalə Qurbanova təqdim edərək qeyd etdi ki, insan-robot qarşılıqlı əlaqəsində kommunikasiya sisteminin əsas parametri informasiyanın ötürülməsi və qəbul edilməsidir. İnformasiya mübadiləsi prosesində jestlər əsas məna vahidi kimi qəbul edilir.

Jest dilinin universal, eyni qrammatik struktura malik olduğunu deyən K.Qurbanova hər ölkənin jest dilinin dialektlərinin regiona görə fərqləndiyini diqqətə çatdırdı. Jest  dilinin tanınmasının bu dillə ifadə olunan hər hansı informasiyanın şifahi dilə və əksinə çevrilməsi prosesi olduğunu söyləyib.

Məruzəçi qeyd etdi ki, jestlərin tanınması sistemləri üçün modelləşdirmənin 2 tipi mövcuddur: 2D və 3D modelləşdirmə mexanizmləri. 2D modelləşdirmə mexanizmində təsvir ikiölçülü müstəvidə analiz olunur, jest haqqında informasiyanın çıxarılması kompüter görməsi alqoritminə əsaslanır. 

Onun sözlərinə görə, 2D modelləşdirmə mexanizmi şablonlar, formalar, hərəkət deformasiyası və rəngli işarələrlə tədqiq edilir: “2D modelləşdirmə mexanizmi formalarda həndəsi və qeyri-həndəsi xüsusiyyətlər kimi tədqiq edilir. Həndəsi xüsusiyyət barmaq uclarının yeri və mövqeyi, burulma bucağı ilə ayrı-ayrılıqda işlənir. Qeyri-həndəsi xüsusiyyətlər isə rəng, siluet və toxumaları, əlin konturu və s. əhatə edir”.

Sonra K.Qurbanova insan-robot qarşılıqlı əlaqəsində jestlərin tanınması ilə əlaqəli 5 əsas mərhələnin olduğunu diqqətə çatdırdı. Bunlar sensor məlumatlarının toplanması, jest identifikasiyası, jestin izlənməsi, təsnifatı və göstərilməsi mərhələləridir.

İkinci tip – 3D modelləşdirmə mexanizmi barədə ətraflı məlumat verən məruzəçi bildirdi ki, klaviatura və siçanın istifadəsi 2D ilə məhdudlaşır, lakin robotun idarə olunması 3D məkanında olmalıdır. Qeyd etdi ki, 3D mexanizmi həcm, həndəsi və skelet modellərinə ayrılır. Bu tip mexanizmdə jest üçölçülü mühitdə qeyd olunmuş təsvirə əsasən analiz edilir. Bu, əlavə koordinatın köməyi ilə jestlərdə çoxmənalılığı təmin edir, tanımada yüksək dəqiqliyi ilə fərqlənir.

O, 3D kinematik modelləşdirmə mexanizmindən də bəhs etdi. Qeyd etdi ki, bu mexanizmdə əl modelinin proyeksiyasının ikiölçülü görüntüsü əldə edilir və model ilə müqayisə prosedurunun nəticəsini kimi xarakterizə olunur. Beləliklə, bu yanaşmada əl modelinin aşkarlanması və tanınması problemləri həll olunur.

Daha sonra, məruzəçi jestlərin tanınması üçün texniki sistemin hazırlanması mərhələlərini diqqətə çatdırdı. Qeyd etdi ki, buraya məlumatların yığılması bloku, jestlərin ilkin emalı, jestin xarakteristikalarının əldə olunması, şablonla müqayisə və s. blokların yaradılması daxildir.

Sonda K. Qurbanova bildirdi ki, təsvirin işlənmə nəticələrinin göstərilən alqoritmlərlə müqayisəsi göstərir ki, 2D mexanizmi 3D mexanizmindən daha sürətli işləyir. Lakin görüntüdəki obyektin sərhədləri 3D mexanizminin tətbiqi ilə işləndikdə daha dəqiq nəticə əldə etmək mümkündür.

“Hər iki mexanizmdə insan dərisini tanımaq asan olmur, çünki rəng effekti kifayət qədər geniş aralıqda dəyişir, eyni zamanda dərinin rəngi işıqlandırma şəraitindən asılıdır. Bu nəticələr insan-kompüter interaktiv qarşılıqlı əlaqəsinin - jest dilinin riyazi modellərinin işlənməsində  əlcəklərdən istifadə etməyin daha effektiv olduğunu göstərir”, - deyə tədqiqatçı əlavə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: