www.science.az
04.11.2020 17:54

İncəsənəti bilən və sevən alim

Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini Xəzər Zeynalovun 55 yaşı tamam olur.

X.Zeynalov 1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu “Sənətşünaslıq” ixtisası üzrə bitirib. O, uzun illər doğma ali məktəbdə əvvəl müəllim, sonra isə rektorun köməkçisi olaraq pedaqoji sahədə çalışıb. 2000-ci ildə “Azərbaycan-gürcü bədii əlaqələri” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edən Xəzər Zeynalov 2005-ci ildə dosent elmi adına, 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” fəxri mükafatına layiq görülüb.

X.Zeynalov 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, Azərbaycan, Türkiyə, Qazaxıstan, Rusiya, ABŞ, Sloveniya və Ukraynada dərc edilmiş 100-dən çox elmi əsərin müəllifidir. Onun tədqiqatları Azərbaycan icəsənətinin qarşılıqlı əlaqələrinə, müasir sənətşünaslığın nəzəriyyəsi və metodologiyasının aktual problemlərinə həsr olunub. X.Zeynalov üzərində işlədiyi “Azərbaycan və Rusiya təsviri sənətinin və sənətşünaslığının qarşılıqlı əlaqələri” mövzusunda elmlər doktoru dissertasiyasını artıq başa çatdırıb.

Onun əsas elmi işləri “Azərbaycan incəsənəti rus sənətşünaslığı kontekstində” (2003) və “Təsviri sənət və sənətşünaslıq sahəsində Azərbaycan-rus qarşılıqlı əlaqələrinin tarixindən” (2010) adlı fundamental elmi tədqiqatlarıdır. Adını çəkdiyimiz ilk əsərdə XX əsr ərzində Azərbaycan incəsənətinin rusiyalı alimlər tərəfindən öyrənilməsi prosesi nəzərdən keçirilir. Bu tədqiqatın strukturu sözügedən prosesin əsas mərhələlərini dəqiq şəkildə özündə əks etdirir. Müəllif ilkin olaraq, Azərbaycan incəsənətinin 1920-1930-cu illər dövrünü tədqiq etmiş H.Fridolin, V.Zummer, V.Sısoyev və başqa rusiyalı alimlərin elmi yaradıcılığını araşdırır. Daha sonra rusiyalı sənətşünas və mədəniyyət tarixçilərinin bütöv bir istedadlı nəslinin – M.Kaqan, B.Veymarn, Z.Yampolski, K.Trever, S.Çervonnaya, N.Voronov və bir çox başqalarının milli incəsənətimizin tədqiqat predmetini təşkil etmiş 1940-1960-cı illər mərhələsi təhlilə çəkilir. Nəhayət, tədqiqatın üçüncü hissəsində 1970-1980-ci illərdə SSRİ-də çap olunmuş və özündə Azərbaycan incəsənəti haqqında da kifayət qədər geniş məlumat ehtiva edən çoxcildlik nəşrlər müəllifin xüsusi diqqət obyektinə çevrilir. Burada söhbət ilk növbədə “SSRİ xalqlarının incəsənət tarixi” və “Ümumdünya memarlıq tarixi” çoxcildliklərindən gedir.

Müəllifin “Təsviri sənət və sənətşünaslıq sahəsində Azərbaycan-rus qarşılıqlı əlaqələrinin tarixindən” (2010) monoqrafiyasında bu material Azərbaycan və Rusiyanın bədii əlaqələri haqqında geniş məlumatlarla və hər iki ölkə rəssamlarının əsərlərinin təhlili ilə zənginləşdirilib ki, bununla da ölkələrimiz arasında mədəni əməkdaşlığın bitkin mənzərəsi yaradılıb.

X.Zeynalov 2014-cü ildən Memarlıq və İncəsənət İnstitutunda direktorun müavini vəzifəsində çalışır. Bu müddət ərzində o, müəssisədə həyata keçirilən bir sıra böyük əhəmiyyətli kollektiv elmi tədqiqatların və layihələrin koordinatoru olub. Həmin tədqiqatlar arasında “Memarlıq və İncəsənət İnstitutu. Buklet” (2014), “İçərişəhər Azərbaycan tarixində” (2015) və “Azərbaycan və dünya incəsənətində soyqırım növzusu” (2016) kimi müasir sənətşünaslıq üçün çox mühüm əhəmiyyət kəsb edən kitabları xüsusi qeyd etmək lazımdır. Hər birində üç nəfərdən altı nəfərədək alimin iştirak etdiyi bu tədqiqatlarda Xəzər müəllim məsul şəxs kimi, materialın mətninin və illüstrasiyalarının vaxtında təqdimatına, onların redaktəsinə və ümumi standarta salınmasına, həmçinin nəşrin dizayn həllinin icrasına cavabdeh olub. Və bu proseslərdə hər zaman Xəzər müəllimin məsləhətləri, qeydləri, düzəliş və əlavələri həmkarları tərəfindən sözsüz və böyük minnətdarlıq hissi ilə qəbul edilib. Adı çəkilən kollektiv tədqiqatların icrası prosesində X.Zeynalovun geniş erudisiyası, onun tapşırıqları dəqiq müəyyənləşdirmək və onların həlli yolunu tapmaq bacarığı öz təzahürünü tapıb.

Mən öz unikallığı ilə seçilən, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş, 2015-ci ildə işıq üzü görən “İçərişəhər Azərbaycan tarixində” layihəsi üzərində iş haqqında daha ətraflı danışmaq istərdim. Qeyd edim ki, bu dəyərli nəşr 6 noyabr 2019-cu ildə Aşqabadda keçirilən beynəlxalq kitab yarmarkasında birinci mükafata layiq görülüb.

Bu layihənin unikallığı ondadır ki, ilk dəfə məhz burada Bakının köhnə şəhəri yalnız memarlıq və şəhərsalma obyekti kimi deyil, həm də milli mədəniyyətin təzahürü kimi kompleks tədqiqatın predmetinə çevrilib. Burada təkcə qala divarları daxilində olan bütün memarlıq abidələri, onların qorunması və bərpası məsələləri işıqlandırılmaqla kifayətlənməyib, həmçinin İçərişəhər obrazının milli mədəni şüurda əksi problemi nəzərdən keçirilib. Kitabın iki bölməsi şəxsən X.Zeynalov tərəfindən yazılıb ki, onları əsərin ən maraqlı hissələrindən adlandırmaq olar. “İçərişəhər rəssamların yaradıcılığında” və “İçərişəhər poçt markalarında” adlanan bu bölmələrdəki materiallar mən deyərdim ki, ekskulizv xarakter daşıyır.

X.Zeynalov son illər ərzində instutut tərəfindən keçirilən çox sayda beynəlxalq və respublika elmi konfranslarının ən fəal təşkilatçısıdır. Həmin konfranslardan “Əlibəy Hüseynazdə və türk incəsənəti” (2014), “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” (2015), “Heydər Əliyev və Azərbaycan incəsənəti” (2016), “Demokratik Respublikanın tarixi və şəxsiyyətləri Azərbaycan incəsənətində” (2018), “Azərbaycan xalça sənətinin qorunması və inkişafı” (2019), “İncəsənətdə Nəsimi obrazı” (2019) və b. adlarını çəkmək olar. Bütün bu tədbirlərdə X.Zeynalov özünü təkcə istedadlı təşkilatçı kimi deyil, eyni zamanda geniş peşəkar auditoriyanın rəğbətini qazanmağı bacaran məruzəçi kimi də göstərə bilib. Onun Xalq rəssamı, akademik Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş elmi sessiyadakı çıxışı əksər həmkarlarımızın yaddaşında xüsusilə yaxşı qalıb. “Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu” adlanan və yubilyarın şəxsən iştirak etdiyi tədbirdə Xəzər müəllimin söylədiyi bu məruzə görkəmli fırça ustasının sonsuz marağına səbəb olub.

Elə fəaliyyət istiqaməti var ki, mən deyərdim, X.Zeynalov ona xüsusi həssaslıqla yanaşır. Bu, institumuzda AMEA Rəyasət Heyətinin birbaşa tapşırığı ilə başlanan sərgi fəaliyyətidir. Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının ilk təsviri sənət sərgisinin keçirilməsi 2014-cü ilin noyabr ayının əvvəlində Azərbaycanda birinci Elm Festivalının təşkili günündən start götürüb. Sərgilərin təşkil edilməsinə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə başlanılıb. Bu ideya akademiya əməkdaşlarının bədii yaradıcılığının təqdimatı üçün şərait yaratmaqla, məşhur “fizika və lirika” mövzusunu davam və inkişaf etdirməyə xidmət edir. 2014-cü ildən bu günədək, demək olar ki, hər biri ayrı mövzuya həsr olunmuş on iki sərgi keçirilib. Bu müddət ərzində Novruz bayramına, Ümummilli lider Heydər Əliyevin ad gününə, təbiət mövzusuna, 8 Mart - Beynəlxalq Qadınlar Gününə, həmçinin Azərbaycan xalqının soyqırımı və Xocalı faciəsi kimi kədərli hadisələrə həsr edilmiş təsviri sənət ekspozisiyaları sərgilənib. Sözügedən sərgilərdə tamaşaçıların diqqətinə yalnız öz mövzusu və janr rəngarəngliyi ilə seçilən əsərlər deyil, eləcə də icra texnikası ilə seçilən işlər təqdim edilib. Bu sərgilərdə yağlı boya ilə, akvarellə, akrillə, karandaşla, tuşla, qarışıq texnika ilə, həmçinin kompüter qrafikası texnikası ilə işlənmiş əsərlər nümayiş olunub. Keçirilən sərgilərdə bizim qurumla yanaşı, Əlyazmalar, Fizika, İnformasiya Texniligiyaları, Radiasiya Problemləri institutları və AMEA-nın digər strukturlarının əməkdaşları iştirak edib. Bütün bu yaradıcılıq rəngarəngliyi AMEA-nın institut və laboratoriyalarında istedad axtarışına çoxlu vaxt və enerji sərf edən Xəzər Zeynalovun təşkilati işlərinin sayəsində başa gəlib.

Amma Xəzər müəllim bu təsviri sənət sərgilərində yalnız təşkilatçı kimi çıxış etməyib, eyni zamanda öz əsərləri ilə həmin sərgilərin iştirakçısı olub. Ekspozisiyaların əksəriyyətində onun mövzu və janr baxımından fərqli, ancaq əsasən akvarellə işlənmiş əsərləri nümayiş edilib. Burada açılışı 24 fevral 2017-ci ildə baş tutan, Xocalı faciəsinin 25 illiyinə və Qarabağ müharibəsinə həsr  edilmiş VII sərgidə nümayiş olunan dörd əsəri xüsusi qeyd etmək istərdim. Bu sərgilərə X.Zeynalov “Qələbə quranlar”, “Qəhrəman qız”, “Şuşanın azad edilməsi” akvarelləri və “Aprel döyüşləri böyük qələbənin müjdəçisidir” plakatı ilə qatılıb. Qeyd etdiyim əsərlərdən “Şuşanın azad edilməsi” kompozisiyasına baxarkən, Şuşanın qədim qala divarlarının fonunda Azərbaycan əsgərlərini təsvir edən müəllifin bədii uzaqgörənliyindən qürurlanmamaq mümkün deyil. Yaradılmasından üç il sonra, milli ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında zəfərli döyüşlər keçirdiyi, torpaqlarımızı işğaldan azad etdiyi bu günlərdə bu əsər daha böyük aktuallıq kəsb edir.

Xəzər Zeynalovun çoxillik və məhsuldar elmi, bədii, təşkilati fəaliyyəti – öz peşəsini sevən, öz ölkəsinin və mədəniyyətinin əsl vətənpərvəri olan bir insanın yaradıcılıq yoludur.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun kollektivi Xəzər Zeynalovu ömrünün bu əlamətdar günü münasibəti ilə təbrik edir, yubilyara möhkəm can sağlığı və yeni elmi, yaradıcılıq nailiyyətləri arzulayır!

Ərtegin SALAMZADƏ, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.