www.science.az
18.12.2014 00:00

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası öz işinə başladı

Dekabrın 18-də TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası öz işinə başladı.

Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış oldular.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə Xarici işlər naziri Elmar Məmmədyarov açdı. Bu il ölkəmizdə UNESCO üzrə Milli komissiyanın yaradılmasının 20 illiyinin qeyd edildiyini söyləyən E.Məmmədyarov bildirdi ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası da Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunur.

Nazir qeyd etdi ki, iclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Azərbaycanın UNESCO ilə ən vacib istiqamətlərdə sıx əməkdaşlıq etdiyini söyləyən natiq ölkəmizin bu sahədə bütün konvensiyalara qoşulduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün ən mühüm məkana çevrilib: “Hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Foruma dünyanın nüfuzlu təşkilatlarının rəhbərləri, həmçinin Nobel mükafatçıları qatılırlar. Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirdə də nüfuzlu qurumlar təmsil olunurlar”.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsein Kaseinov TÜRKSOY-un fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirdi. Vurğuladı ki, bu təşkilatın fəaliyyəti AR Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. İki gün davam edəcək iclasda aparılacaq müzakirələr müvafiq sahədə əməkdaşlığa öz töhfəsini verəcək.

Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti səsləndirildi.

Müraciətdə Azərbaycan UNESCO əlaqələrinin geniş istiqamətlərdə inkişafı, bu əlaqələrdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olundu. Vurğulandı ki, iclas müvafiq komissiyalar arasında mədəniyyət, elm, təhsil sahəsində vacib addımların atılması üçün daha bir fürsətdir.

Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, AR Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digərləri çıxışlarında ölkəmizin UNESCO-nun tədbirlərində fəal təmsil olunmasından söhbət açdılar və iclasın işinə uğurlar arzuladılar.

Qeyd edək ki, dekabrın 19-dək davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa” keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.