www.science.az
18.12.2014 00:00

Möhtəşəm elm və ziya məbədi

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı, elm, təhsil və mədəniyyətimizin əzəmətli məbədi, Şərqin ilk dünyəvi ali məktəblərindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, XX əsrdə çətin və əzablı, eyni zamanda böyük inkişaf yolu keçmiş Bakı Dövlət Universitetinin 95 yaşı tamam olur. Bu illər ərzində 6 dəfə universitetin yubileyi keçirilmişdir. Fərəhləndirici haldır ki, 10 illik yubiley istisna olmaqla, bu altı yubileydən dördü - 50, 60, 75 və 80 illik yubileylər ulu öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamları əsasında təşkil olunmuş və böyük rəhbər yubiley tədbirlərində şəxsən iştirak etmişdir. Bu, ümummilli liderin böyüklüyü, fenomenliyi, təhsilə və elmə olan münasibəti, məzunu olduğu Bakı Dövlət Universitetinə qəlbən bağlılığı idi. Ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyev də Bakı Dövlət Universitetinə daim diqqət və qayğı ilə yanaşmışdır. 90 illik yubiley ölkə rəhbərinin 24 aprel 2009-cu il tarixli sərəncamı əsasında keçirilmişdir. 2008-ci ilin 15 sentyabrında Bakı Dövlət Universitetinin yeni korpusunun açılış mərasimində və 2 noyabr 2009-cu ildə universitetin 90 illik yubiley tədbirində Prezident İlham Əliyevin söylədiyi xoş sözlər, Quba tədris-təcrübə və istehsalat mərkəzinin açılışına qatılması, bizi elmdə və təhsildə daha yüksək uğurlar qazanmağa, yaradıcılıq axtarışlarını inamla davam etdirməyə istiqamətləndirir.

95 illik fəaliyyəti dövründə ilk ali təhsil ocağı kimi Bakı Dövlət Universiteti (BDU) ölkə həyatının bütün sahələrinə nüfuz edərək elm və təhsilin inkişafı sahəsində mədəni keçmişimizin öyrənilməsi, habelə milli özünüdərkin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Hələ 90 il bundan əvvəl, universitetin ilk rektoru Vasili İvanoviç Razumovski demişdir: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.

Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə BDU həmin sözləri həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan demokratik respublika qurmaqla xalqımız Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirdi. Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Universitetinin yaranması oldu. Xalqın maariflənməsini və təhsilin inkişafını düşünən Cümhuriyyət liderlərinin - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və başqalarının başlıca arzularından biri universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, BDU-nun yaradılmasında tarixi xidmətlər göstərmiş bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almışdılar. Parlamentdə 10 ay sürən gərgin mübahisə və müzakirələrdən sonra onlar həyatlarının bəlkə də ən böyük arzusuna qovuşdular. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yarada bildilər.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri ləğv edildi, ilk müstəqil dövlətimizin özü kimi onlar da yalnız arxiv sənədlərində qaldı, vətənpərvər insanların xatirələrində yaşadı.

Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi - Bakı Dövlət Universiteti isə təzyiqlərə davam gətirdi, uzun illər sınaqdan alnıaçıq, şərəflə çıxdı, vətən övladlarına ziya vermək amalını qoruyub saxladı. Azərbaycan mədəniyyəti, elmi, ziyalılığı tarixinə qanlı hərflərlə yazılan 1937-ci il özündə milli təəssübkeşliyi təcəssüm etdirən təhsil ocağına ağır zərbələr vurdu. 90 illik yubiley ərəfəsində arxiv materiallarını araşdırarkən belə bir acınacaqlı fakt da aşkarlandı ki, təkcə 1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin universitetin rektoru olmuş dörd görkəmli ziyalı - Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkərim Ələkbərli, Balabəy Həsənbəyov ən ağır cəzaya - güllələnməyə məhkum edilmişlər. Bu insanların hər birinin Azərbaycan ziyalılığının formalaşmasında və təşəkkülündə müstəsna xidmətləri olmuşdur.

1930-cu illərin repressiyalarına, İkinci Dünya müharibəsi illərindəki itkilərə baxmayaraq, artıq 1945-1950-ci illərdə universitet Azərbaycanda elmi məktəblərin formalaşmasında, fundamental elm sahələrinin əsaslı inkişafında əvəzsiz rolu olan yüzlərlə dəyərli alim yetişdirə bilmişdir. Böyük şərəf hissi duyuruq ki, elmin yüksək zirvələrini fəth etmiş dünya şöhrətli alimlər - Yusif Məmmədəliyev, Abdulla Qarayev, Cəfər Xəndan Hacıyev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Həsən Əliyev, Murtuza Nağıyev, Mircəlal Paşayev, Musa Əliyev, Həmid Araslı, Bəkir Çobanzadə, Nəsir İmanquliyev, Feyzulla Qasımzadə, Heydər Hüseynov, Bəxtiyar Vahabzadə, Mirəli Qaşqay və bir çox başqaları BDU-da çalışmışlar.

Universitetin inkişafının yeni mərhələsi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndər məzunu olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bilirdi, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çəkirdi. Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər Əliyev epoxasının ölkəmizin mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır.

Əlamətdar haldır ki, 1969-cu il noyabr ayının 1-də Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyində yubiley komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin inkişaf strategiyasını müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Onu da xüsusi vurğulamaq istərdik ki, sovet rejiminin bütün qadağalarına baxmayaraq, ulu öndər o dövr üçün inqilaba bərabər bir addım atmış - ana dilində nitq söyləmiş və bu, bütün Azərbaycan cəmiyyəti üçün milli ruha və özünüdərkə qayıdış anı olmuşdur. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərimizi keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərməsi idi. Bu yolla həm Azərbaycanın elmi və kadr potensialı yüksəlir, həm də xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği həyata keçirilirdi. 1969-1982-ci illərdə 15 minə yaxın istedadlı gənc Moskva, Leninqrad, Kiyev, keçmiş Sovetlər Birliyinin başqa şəhərlərinin aparıcı universitetlərinə oxumağa göndərilmişdir. İndi həmin gənclər respublikamızda ziyalı təbəqəsinin, elmin, təhsilin və ictimai həyatın digər sahələrinin aparıcı şəxsləri, dövlət idarəçiliyində ali struktur rəhbərləridirlər. Bu gün həmin siyasəti Prezident İlham Əliyev qlobal cəmiyyət müstəvisində uğurla davam etdirir. Prezidentin istedadlı gənclərin dövlət vəsaiti hesabına Avropa və Asiyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi barədə qəbul etdiyi qərar və bununla bağlı imzaladığı sərəncamlar Azərbaycanın qlobal cəmiyyət məkanına inteqrasiyası prosesində çox uğurlu addımdır.

1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Bakı Dövlət Universitetini yaddan çıxarmadı. Həmin dövrdə BDU çox acınacaqlı durumda idi. Tədrisin səviyyəsi aşağı düşmüş, kollektivdə gələcəyə inam hissi qalmamışdı. Təkcə bizim universitet deyil, respublikanın digər təhsil müəssisələri, Milli Elmlər Akademiyası da dağılmaq təhlükəsi ilə üzləşmişdi.

Bir məsələ xüsusi vurğulanmalıdır ki, həmin dövrdə respublikanın üzdə olan bir çox alimləri xarici ölkələrdə çalışmaq məcburiyyətində qalmışdılar. Məhz Heydər Əliyevin qayıdışı və “Təhsil xalqın gələcəyidir “ tarixi çağırışı bütün elmi və pedaqoji ictimaiyyətdə, o cümlədən Bakı Dövlət Universitetinin kollektivində gələcəyə inam hissi oyatdı və bundan sonra alimlərimizin də Vətənə qayıdışı prosesi başlandı.

Bu gün də biz həmin siyasətin davamının şahidiyik. Cəmiyyətin inkişaf konsepsiyasını dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev hazırda həmin çağırışı qlobal müstəviyə keçirərək, ölkənin iqtisadi potensialını intellekt kapitalına çevirmək istiqamətində Azərbaycan üçün taleyüklü addım atır. Çünki müasir dünyada dövlətlərin mövqeyini əhalisinin sayı, ərazisi, hərbi qüdrəti yox, yalnız intellektual inkişafı, yəni elm və təhsilin səviyyəsi müəyyənləşdirir.

Prezidentin apardığı məqsədyönlü və ardıcıl siyasət elm və təhsil sahəsində 26 dövlət proqramının qəbulu, nou-hau tipli innovasiya texnologiyalarının respublikaya transferi və başqa taleyüklü qərarlarla səciyyələnir. Bu siyasətin ən bariz nümunələrindən birini universitetimizin timsalında əyani şəkildə görmək olar. İnkişafının yeni mərhələsini yaşayan BDU-da məhz Prezidentin qayğısı və birbaşa dəstəyi ilə yalnız son bir ildə 4 min tələbənin təhsil aldığı ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, yeni idman kompleksi, 500 əməkdaş üçün 2 müasir yaşayış kompleksi tikilib istifadəyə verilmişdir.

Fəaliyyət göstərdiyi dövr ərzində yüz əlli minə yaxın mütəxəssis, o cümlədən, dünyanın bir çox dövlətləri - Orta Asiya və Qazaxıstan, Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, Latın Amerikası, Afrika ölkələri üçün yüzlərlə yüksək ixtisaslı kadr hazırlamışdır.

BDU dünyanın 60 ölkəsinin 300-dən çox universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Universitet 1991-ci ildən Avrasiya, 1996-cı ildən Xəzəryanı Ölkələr, 1997-ci ildən Qara Dəniz Ölkələri, 2003-cü ildən Avropa, 2010-cu ildən Qafqaz Universitetləri Assosiasiyalarının üzvüdür. Beynəlxalq və regional səviyyədə əməkdaşlıq universitetin inkişafına, beynəlxalq reytinqinə çox böyük təsir göstərir. Artıq dörcüncü ildir ki, BDU “QS World University Rankings” reytinqinə görə dünyanın 20 min universiteti arasında 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın 2000 ən yaxşı universitetinin siyahısına daxil edilib. Ötən il BDU MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşıb. Reytinq siyahısına Azərbaycan universitetlərindən yalnız BDU düşüb.

BDU-da ali təhsilin hər üç - bakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir. Hazırda universitetin 17 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində 70 ixtisas üzrə 20 minə yaxın tələbə, magistrant və doktorant təhsil alır. İxtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartlarına uyğun hazırlanmış tədris planları əsasında həyata keçirilir. Təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən 1000-ə yaxın tələbə də təhsil alır. BDU tələbələrinin təlim-tərbiyəsi ilə 125 kafedrada öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirən 1500-ə yaxın professor-müəllim heyəti məşğul olur ki, onlardan təxminən 300-ə qədəri elmlər doktoru, professor, 900-dən çoxu elmlər namizədi, dosentdir. Bununla yanaşı, BDU-da Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutları, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya, nanomaterialların alınması və s. problemləri ehtiva edən çox geniş spektrdə mövzular üzrə elmi araşdırmalar aparan 24 elmi tədqiqat laboratoriyası və 3 elmi tədqiqat mərkəzi, 3 milyona yaxın fonda malik elmi kitabxana fəaliyyət göstərir.

Əməkdaşlarımız elm və tədris fəaliyyəti ilə yanaşı, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edirlər və daim dövlət qayğısı ilə əhatə olunurlar. Onlardan 200 nəfəri dövlətin ali orden və medalları ilə təltif edilmişdir. 21 nəfəri AMEA-nın həqiqi və ya müxbir üzvü, 12 nəfəri Milli Məclisin üzvüdür. Təkcə onu demək kifayətdir ki, BDU-nun 90 illik yubileyində 107 nəfər dövlət tərəfindən təltif edilmişdir. O cümlədən 1 nəfərə “İstiqlal” ordeni, 1 nəfərə “Şərəf” ordeni, 1 nəfərə “Əməkdar jurnalist”, 1 nəfərə “Əməkdar mühəndis”, 1 nəfərə “Əməkdar mədəniyyət işçisi”, 2 nəfərə “Əməkdaş hüquqşünas”, 9 nəfərə “Əməkdar elm xadimi”, 32 nəfərə “Əməkdar müəllim” fəxri adları, 7 nəfərə Prezidentin fərdi təqaüdü, 14 nəfərə “Şöhrət” ordeni, 38 nəfərə “Tərəqqi” medalı verilmişdir.

Son illər Bakı Dövlət Universitetinin alimləri tərəfindən elm və təhsil sahəsində ümumi dəyəri 5 - 6 milyon ABŞ dolları olan 80-dən çox layihə həyata keçirilir. Alimlərimizin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir və dünya elmi ictimaiyyəti tərəfindən dəstəklənərək qəbul edilir. Bu layihələrin 50-dən çoxu Avropa Birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər təşkilatlar tərəfindən maliyyələşdirilən innovativ beynəlxalq layihələrdir. Həyata keçirilən layihələr sırasında nanotexnologiya sahəsi xüsusi yer tutur. Təkcə son 5 ildə nanotədqiqatlar istiqamətində ümumi dəyəri 5 milyon ABŞ dolları olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda, 100-dən artıq məqalə digər elmi jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib.

Bakı Dövlət Universiteti bu ilin başlanğıcında da yeni beynəlxalq layihələrin qalibi olmuşdur. Avropa Birliyinin Tempus layihəsi çərşivəsində BDU alimlərinin İtaliya, Fransa, Yunanıstan alimləri ilə birlikdə qalib olduqları ECONANO qrant layihəsi həyata keçirilir. Yeni ilin başlanğıcında biologiya fakültəsində 4 yeni beynəlxalq layihə qazanılıb ki, onların da ümumi dəyəri 4 milyon ABŞ dollarından çoxdur. Bütün bu işlərin nəticəsidir ki, son illər BDU-da elm və təhsil sahəsində yüksək nailiyyətlər əldə edilir. Təkcə onu demək kifayətdir ki, 2013-cü ildə BDU alimləri tərəfindən 2681 məqalə və 1176 tezis, o cümlədən nüfuzlu xarici jurnallarda 694 məqalə çap etdirilmişdir ki, onlardan da 165-i, yəni hər 4 məqalədən biri yüksək reytinqli impakt faktorlu jurnallarda çap olunmuşdur. İmpakt faktorlu jurnallarda çapdan çıxan məqalələrin sayı respublika üzrə indekslənən jurnallarda çap edilən məqalələrin 26 faizini, təhsil sistemi üzrə isə 53 faizini təşkil edir.

BDU-da təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunmuş və onların ixtiyarına zəruri maddi-texniki baza ilə təchiz edilmiş laboratoriya və auditoriyalar, kitabxanalar, idman kompleksləri verilmişdir. Təhsildə əsas diqqət ixtisas fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə yönəldilmişdir...


"Azərbaycan" qəzeti, 18 dekabr 2014-cü il