Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Əkpər Feyzullayevin 75 yaşı tamam olur
04.11.2020 12:26
  • A-
  • A
  • A+

Akademik Əkpər Feyzullayevin 75 yaşı tamam olur

Neft-qazın geologiyası və geokimyası sahəsində tanınmış alim, Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiri, akademik Əkpər Feyzullayevin 75 yaşı tamam olur.

Əkpər Feyzullayev 1945-ci il noyabrın 2-də Bakı şəhərində anadan olub. 1970-ci ildə "Mühəndis-geofizik" ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirib.

İnstitutu bitirdikdən sonra təyinatla 1970-1972-ci illərdə keçmiş “Kirovneft” NQÇİ-də neft hasilatı üzrə 5-ci dərəcəli operator vəzifəsində, 1972-1973-cü illərdə isə Ümumittifaq Elmi-Tədqiqat Layihə Qaz İnstitutunun Azərbaycan filialında mühəndis vəzifəsində çalışıb. 1973-cü ildən bugünədək AMEA-nın Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərir. Hazırda bu elmi müəssisədə Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin müdiridir.

1983-cü ildə yer elmləri üzrə fəlsəfə doktoru, 1992-ci ildə elmlər doktoru dərəcələrini, 2006-cı ildə isə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib.

Alimin fəaliyyətinin əsas elmi istiqamətləri neft və qazın geologiyası və geokimyası, çökmə hövzələrin fluid dinamikası, palçıq vulkanizmi, geokimyəvi axtarış üsulları, geoekologiyadır.

Ə.Feyzullayev və həmkarları tərəfindən quyu kernləri və təbii çıxışların süxurlarının üzvi maddəsinin və eləcə də karbohidrogen flüidlərinin böyük həcmdə müasir tədqiqatlar (süxurların pirolizi, mass-spektrometrik və xrom-mass-spektrometrik analizlər, vitrinitin əks etdirmə qabiliyyəti və s.) aparılıb. Süxur-süxur, neft-süxur korrelyasiyası həyata keçirilib və bunların nəticəsində müəyyən edilib ki, Cənubi Xəzər hövzəsində üzvi maddənin toplanması sahil xəttinin nisbi yaxınlığı şəraitində baş verib. Bundan əlavə, tədqiqatlar zamanı müəyyən olunub ki, palçıq vulkanı və yataqların neft-qazlarının kimyəvi, izotop tərkibi çox geniş dəyişmə diapazonu ilə xarakterizə olunur və bu da onların generasiya, miqrasiya intervalının dərinliyinin çox olduğunu (5-15 km) göstərir.

Kompleks geoloji-geofiziki və GPS məlumatların və karbohidrogenlərin generasiya və miqrasiya şəraitlərinin məkanda dəyişmə qanunauyğunluqlarının analizi əsasında Cənubi Xəzər çökəkliyində neft və qaz yataqlarının formalaşmasının geodinamik modeli işlənib hazırlanıb.

Alim tərəfindən Azərbaycanın palçıq vulkanlarının komleks tədqiqi vasitəsilə bir sıra nəticələr əldə edilib. Göstərilib ki, palçıq vulkanları və karbohidrogen yataqları çökmə qatda vahid bir neft-qaz əmələgəlmə prosesinin törəməsidir. Bundan əlavə, Ə.Feyzullayevin araşdırmaları nəticəsində ilk dəfə olaraq Azərbaycanın yaşayış evlərində, torpaqda, palçıq vulkanlarının qazlarında və brekçiyasında, habelə termal sularda radonun miqdarı qiymətləndirilib. İlk dəfə olaraq Azərbaycanda radonun paylanması və dinamikası örənilib, yaşayış binalarında yüksək konsetrisiyaya malik olan sahələr müəyyənləşdirilib, onun təbiəti və insan sağlamlığına mənfi təsirin azalması yolları araşdırılıb.

O, 343-dən artıq elmi əsərin, o cümlədən 190 məqalə, monoqrafiya, broşur, dərslik və tezisin və 1 patentin müəllifidir.

Elmi-tədqiqatlarla yanaşı, Ə.Feyzullayev pedaqoji fəaliyyətlə də məşğuldur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz yataqların geologiyası, axtarışı və kəşfiyyatı kafedrasının professorudur. Onun rəhbərliyi ilə 10 fəlsəfə doktoru hazırlanıb.

Ə.Feyzullayev Avropanın geoloq-alimlərin və mühəndislərin assosiasiyasının (EAGE), Amerikanın neftçi-geoloqların assosiasiyasının (AAPG), AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası), “Neft-qaz hövzələrinin sedimentologiyası və stratiqrafiyası” və “Azərbaycanda geofizika yenilikləri” jurnallarının redaksiya heyətlərinin üzvü, Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq İttifaqın (İNQUA) nəzdində olan “Karbon Komissiyasının” işçi qrupunun ekspertidir.

Geoloq alim elmi-pedaqoji sahədə xidmətlərinə görə, AMEA Rəyasət Heyətinin və Yer Elmləri Bölməsinin Fəxri fərmanları (2005), “Tərəqqi” medalı (2008) ilə təltif edilib. O, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) Azərbaycan Respublikasının Dövlət mükafatına, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülüb.

Görkəmli geoloq alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: