Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hərb tariximizin humanitar aspektləri
28.10.2020 17:00
  • A-
  • A
  • A+

Hərb tariximizin humanitar aspektləri

Beynəlxalq humanitar hüquq normalarının əsasında, min illər boyu mövcud olan və ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi və mənəvi dəyərlər dayanır.

Tarixi keçmişə nəzər yetirdikdə belə, müxtəlif dövrlərdə baş verən müharibələrdə beynəlxalq hüquq normaları və prinsiplərinə əməl edilmiş, həmin zamanlarda ədalətlilik və insanı keyfiyyətlərə söykənən yazılmamış ənənəvi müharibə qanunlarına riayət olunmuşdur.

Qədim tarixə, siyasi-hüquqi, mədəni və mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan dövlətləri də müntəzəm olaraq bu beynəlxalq hüquqi dəyərlərə riayət etmiş və humanitar prinsiplər qorunmuşdur.

Müharibə tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə, dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanmış, mövcud dövrün  qanunlarına uyğun olaraq həyata keçirilmişdir.

Tarixi qaynaqlarda verilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan dövlətlərinin apardığı müharibələr zamanı mövcud olan “millətlərin və xalqların” yazılmamış ənənəvi müharibə qanunları qorunmuş və bu qaydalara ciddi əməl edilmişdir. Hətta müharibə dövründə diplomatik missiyanı həyata keçirən elçi-səfirlərin canları və əmlakları qorunmuş, onların diplomatik fəaliyyətlərini həyata keçirməsi üçün real imkanlar yaradılmışdır.

İstər qədim dövrlərdə, istərsə də orta əsrlər dövründə mövcud olmuş Azərbaycan dövlətləri öz dövlətçilik ənənələrinə dayanaraq, bütün mənəvi, siyasi və hüquqi dəyərləri, ədalətlilik meyarlarını nəzərə alaraq müharibələr dövründə düşmənin hərbi birliklərinə sarsıdıcı zərbələr vursalar da, mülki əhalinin və onların əmlakının toxunulmazlığını təmin etmiş, hətta ələ keçirdikləri ərazilərdə düşmənlərin mənəvi, dini dəyərlərinə hörmətlə yanaşmışlar. Həmçinin ələ keçirilən hərbi əsirlərin canları amanda olmuş və onlar öldürülməmişlər.

Qaynaqlar əsasında Azərbaycanın müharibə tarixinə müraciət etdikdə olduqca ədalətli, mənəvi və çoxəsirlik dövlətçilik ənənələrinin ifadə olunduğu bir mənzərə ilə qarşılaşırıq. Bu mənzərəyə baxdığımızda, Azərbaycan dövlətlərinin hərbi sisteminin mükəmməlliyinin, müharibə dövründə adil hərbi qaydaların, mənəvi-insani prinsiplərin hakim olduğu humanitar dəyərlərin bir daha şahidi oluruq.

Bu gün erməni işğalçıları və onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipinə söykənən dövlətçilik ənənələrimiz əsasında, həmçinin mənəvi-insani dəyərlərimizə uyğun olaraq həyata keçirilir. “İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə uyğun olaraq həyata keçirilən döyüşlərdə, şanlı ordumuz, özünü mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq müharibə qanunlarına riayət edir, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə hörmətlə yanaşır.

Təəssüf hissi ilə qeyd edək ki, uzun illərdir ki, Azərbaycanın Qarabağ bölgəsini və digər ərazilərini işğal etmiş erməni işğalçılarından hərbi əməliyyatlar dövründə bu mənəvi-insani dəyərləri görmək mümkün deyildir. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini və vəhşiliklərini nümayiş etdirən ermənilər, bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə və əmlakına ciddi ziyan vurmuşdur.

Hal-hazırda, müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçıları öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla qisas almağa çalışır.

Zaman – zaman Azərbaycanın dövlətçilik sistemi ilə rəqabətdə olduqca cılız görünən, öz saxta tarixləri ilə rəqabət yaratmağa çalışan erməniçilik və mövcud erməni dövləti, siyasi və hüquqi təsisatlarımız, ümumbəşəri və tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında aciz və gücsüzdürlər. Eyni zamanda davam etməkdə olan Azərbaycan-Ermənistan müharibəsində  hərbi fəlakətləri və qeyri-insani davranışları ilə öz hərbi-siyasi sistemlərinin olduqca zəifliyini nümayiş etdirməkdədirlər.

Tarixlər boyu özünün dövlətçilik ənənələri  ilə Yaxın və Orta Şərqin siyasi və mədəni dəyərlərinin formalaşmasında böyük rol oynayan Azərbaycan dövlətçilik sistemi qarşısında, kilsə zirzəmilərində mənfur ideoloji əsaslarla yaradılan, “Daşnaksütun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatlar üzərində qurulan mövcud erməni dövləti olduqca aciz və zəif görünməkdədir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir”. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təhsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

Bütün fundamental istiqamətlərdə Azərbaycana acınacaqlı şəkildə məğlub olan erməni dövləti, hərbi müstəvidə də ağır məğlubiyyət günlərini yaşamaqdadır. Bu ağır məğlubiyyətin əvəzi olaraq erməni ünsürlərinin cəbhə bölgəsində azərbaycanlıları vəhşicəsinə qətlə yetirmələrinin bir adı vardır. Erməni terrorizmi...

Mübariz AĞALARLI, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: