Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.12.2014 00:00
  • A-
  • A
  • A+

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaq

Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycandan keçməsi ilə bağlı dövlət orqanlarına müraciət olunacaq

Bu gün AMEA Coğrafiya İnstitutunda “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda elmi konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Ramiz Məmmədov mövzunun əhəmiyyətini önə çəkdi, Avropa və Asiyanın dəqiqləşdirilmiş yeni sərhədləri barədə məlumat verdi. Bildirdi ki, dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və Azərbaycanda aparılan araşdırmalar Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir. Bununla Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur. Bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə əsas verir.

Tədbirdə çıxış edən AR Nazirlər Kabinetinin neft və kimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev bildirdi ki, qitələrin sərhəd məsələsi Beynəlxalq Coğrafiya Cəmiyyəti tərəfindən təsdiqləndikdən sonra dəqiqləşmiş olacaq və bu sərhəd xətti bütün orta məktəblərin coğrafiya dərsliklərində, ensiklopedik məlumat kitabçalarında və müxtəlif təyinatlı xəritələrdə öz əksini tapacaqdır.

Sonra çıxış edən AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev sərhədin müəyyənləşdirilməsi ilə bağlı akademiyada multidissiplinar tədqiqatlar aparılmasını, zəruri tədbirlərin həyata keçirilməsi üçün Dövlət Komitəsi və AMEA arasında müştərək komissiyanın yaradılmasını təklif etdi.

Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Şahin Şahbazov bu məsələnin Azərbaycan üçün turizm baxımından əlverişli olacağını qeyd etdi.

Tədbir çərçivəsində Avropa və Asiya qitələrinin sərhədinin Qafqaz bölgəsində Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə Azərbaycandan keçməsinin doğru variant hesab edilməsi, Avropa və Asiya qitələrinin sərhədinin Azərbaycan ərazisindən, xüsusilə Abşeron yarımadasından keçən hissəsinin xəritəyə köçürülməsi qərara alınıb.

Sonda qitələrin sərhədinin Azərbaycan ərazisindən keçməsinin əyani sübutu kimi, həm də ilk Avropa Oyunlarının 2015-ci il iyun ayında Bakıda keçiriləcəyini nəzərə alaraq, Abşeron yarımadasında, sərhəd xəttinin Bakı-Sumqayıt magistral xətti ilə kəsişmə nöqtəsində arka-qapı kompleksinin tikilməsinin məqsədəuyğun hesab edilməsi və bu barədə Azərbaycan Nazirlər Kabinetinə müraciət olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: