www.science.az
21.11.2013 00:00

“Naxçıvan tarixi” kitabının II cildinin müəllifləri ilə görüş keçirilib

AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” kitabının II cildinin müəllifləri ilə görüş keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması”na dair 6 avqust 2012-ci il tarixli sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin tarixçi alimlərinin sözügedən çoxcildliyinin hazırlanmasına cəlb olunduqlarını bildirib.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin təşkil etdiyi iclaslarda çoxcildliyi hazırlayan mütəxəssislərlə birgə müzakirələrin aparıldığını, bir sıra işlərin görüldüyünü söyləyən akademik kitabın strukturu və planının hazırlandığını, redaksiya heyəti və müəlliflər qrupunun təsdiq olunduğunu, çoxcildliyə daxil ediləcək əlavələrin müəyyənləşdirildiyini və bununla əlaqədar İşçi Qrupuna tapşırıqların verildiyini nəzərə çatdırıb. Kitabın I cildinin artıq çapa hazırlandığını söyləyən İ.Hacıyev bildirib ki, 2014-cü ilin aprel ayınadək II cildə daxil olan fəsillərin son variantları təqdim olunmalıdır.

 

Qeyd edək ki, “Naxçıvan tarixi” çoxcildliyində Naxçıvan tarixinin ən qədim dövrlərdən başlayaraq günümüzədək olan bütün mərhələləri xronoloji ardıcıllıqla veriləcək. Girişdən, 17 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq çoxcildliyin I cildi qədim dövrlərdən XVIII əsrin ortalarınadək, II cildi XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinin sonunadək, III cildi isə İkinci Dünya müharibəsindən günümüzədək olan dövrü əhatə edəcəkdir.

Kitabın I cildində Naxçıvanın ərazisi, təbii-coğrafi şəraiti, əhalisi və Naxçıvan adının mənşəyi öz əksini tapacaqdır. “Naxçıvan qədim dövrdə”, “Naxçıvan e.ə IX – b.e II əsrlərində”, “Naxçıvan erkən orta əsrlər dövründə”, “Naxçıvan X-XIII əsrin I rübündə”, “Naxçıvan XIII-XV əsrlərdə” və “Naxçıvan Səfəvilər dövründə” başlıqlı fəsillərdə Naxçıvanın ən qədim dövrlərindən XVIII əsrin ortalarınadək olan dövr barədə ətraflı məlumat vеriləcək.

II və III cildlərdə isə “Naxçıvan xanlıqlar dövründə”, “Naxçıvanın Rusiya tərəfindən işğalı”, “Naxçıvan XIX əsrdə”, “Naxçıvan XX əsrin əvvəllərində”, “Naxçıvan XX əsrin 20-30-cu illərində”, “Naxçıvan II Dünya müharibəsi dövründə”, “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə”, “Naxçıvan 70-80-cı illərdə”, “Naxçıvanda müstəqillik uğrunda mübarizə (1988-1990-cı illər)”, “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” və “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2013)” adlı fəsillərdə xronoloji ardıcıllıqla müəyyən dövrləşmə gözlənilməklə geniş oxucu kütləsinə təqdim ediləcəkdir.

 

Görüş zamanı II cild müəlliflərinin təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.