Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

NATO-nun dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq konfrans keçiriləcək
19.10.2020 11:00
  • A-
  • A
  • A+

NATO-nun dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq konfrans keçiriləcək

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də 2021-ci ilin oktyabr-noyabr aylarında NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransa hazırlıq işləri haqqında olub.

Öncə çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasında bir neçə beynəlxalq konfransın keçirilməsi ilə bağlı təşəbbüslərin müzakirə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, AMEA Rəyasət Heyətinin iclasında İnformasiya Texnologiyaları İnstitutunun təşəbbüsü dəstəklənib, hüquqi status alıb. İnstitutun Polşa Milli Nüvə Tədqiqatları Mərkəzi ilə birlikdə sözügedən beynəlxalq konfransın keçirilməsi ilə əlaqədar müraciəti NATO tərəfindən artıq rəsmi olaraq qəbul olunub. Lakin koronavirus pandemiyası ilə bağlı olaraq konfransın yalnız 2021-ci ilin oktyabr-noyabr aylarında keçirilməsinin mümkün olacağı bildirilib.

Akademik, həmçinin beynəlxalq konfransı əhatə edəcək bütün məsələlərin əks olunacağı fəaliyyət planının hazırlandığını və Polşadan olan həmkarlarla müzakirə olunacağını nəzərə çatdırıb.

Sonra çıxış edən institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bildirib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində “Advanced Research Workshop”un təşkil edilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası NATO ilə tərəfdaş ölkə kimi bir sıra layihələrdə fəal iştirak etməkdədir. Azərbaycan və Polşanın birlikdə təşkilatçılıq edəcəyi kibertəhlükəsizlik üzrə konfrans da NATO-nun strateji konsepsiyasında mühüm yer tutur.

Məruzəçinin sözlərinə görə, “Sənaye idarəetmə sistemi” anlayışı 2008-ci ildə texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin yeni nəsillərini xarakterizə etmək üçün təklif edilib. Bu kimi sistemlər Əşyaların İnterneti, sənaye İnterneti, açıq standartlar, platforma və protokollardan istifadə etməklə, öz funksiyalarını təkmilləşdirir və korporativ idarəetmə sistemlərinə sıx inteqrasiya olunurlar.

“Sənaye idarəetmə sistemləri kiber-fiziki sistemlərin bir növü kimi kritik milli infrastrukturların əsasını təşkil edir, onların monitorinqi və idarə edilməsində əsas rol oynayırlar. 2010-cu ildə İran nüvə obyektlərində istifadə edilən “Siemens” şirkətinin PLC (Programmable Logic Controller) qurğularını hədəfə alan və nəticədə sentrifuqaları sıradan çıxaran Stuxnet zərərli proqramının aşkarlanması sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi məsələsini diqqət mərkəzinə gətirib. 2010-2012-ci illərdə müxtəlif istehsalçılara məxsus SCADA (Supervisory Control And Data Acquisition) və PLC sistemlərində yüzlərlə kibertəhlükəsizlik boşluğu aşkarlandı, sonrakı illərdə bu boşluqları istismar edən onlarla zərərli proqram təminatı yaradıldı və kiberhücumlarda uğurla sınaqdan çıxarıldı”, - deyə Y.İmamverdiyev bildirib.

Alim qeyd edib ki, son illərdə müxtəlif ölkələrdə nüvə elektrik stansiyası, elektrik təchizatı şəbəkəsi, su təchizatı və istilik sistemləri, metallurgiya, neft-kimya və aviasiya zavodları, dispetçer sistemləri, qaz kəmərləri və s. kimi kritik infrastruktur obyektlərində sənaye idarəetmə sistemləri ilə əlaqəli çoxsaylı kibertəhlükəsizlik insidentləri qeydə alınıb. Belə insidentlər baş verdikdə müvafiq dövlət orqanlarının məlumatlandırılması bəzi ölkələrdə qanunvericiliklə məcburidir və məhz bu növ insidentlərin analizi üzrə ixtisaslaşmış xüsusi CERT (Computer Emergency Response Team) komandaları formalaşdırılıb. Bütün bunlar sənaye idarəetmə sistemlərində kibertəhlükəsizliyin təmin edilməsinin aktuallığını bir daha vurğulayır.

Beləliklə, hazırda cəmiyyətin həyat fəaliyyətini təmin edən çoxsaylı sənaye idarəetmə sistemləri kiberhücumlar üçün asan hədəfdirlər və virtual mühitlərə inteqrasiya etdikcə kibertəhlükəsizlik baxımından ən həssas obyektlərə çevrilirlər. Azərbaycan iqtisadiyyatında və müxtəlif təyinatlı kritik infrastrukturlarda Sənaye 4.0 texnologiyalarının tətbiqinin genişləndiyini nəzərə alaraq, belə sistemlərin mümkün kiberhücumlardan qoruması strateji əhəmiyyət kəsb edir. Bu baxımdan “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın keçirilməsi son dərəcə vacibdir və ölkənin müvafiq sahə üzrə aparıcı alimləri bu işə öz töhfələrini verməlidirlər.

Alim 3 gün davam edəcək beynəlxalq konfransda ölkəmizi AR Dövlət Neft Şirkəti (SOCAR), AMEA İnformasiya Texnologiyaları İnstitutu kimi bir sıra qurumların təmsil edəcəklərini diqqətə çatdırıb. Qeyd edib ki, tədbirə ABŞ, Almaniya, Polşa, Avstriya, İsveç, Türkiyə, Macarıstan, Estoniya və Gürcüstanın müvafiq sahə üzrə aparıcı alim və mütəxəssisləri dəvət olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: