www.science.az
16.10.2020 16:20

AMEA-nın müxbir üzvü Tofiq Məmmədov ölkə başçısına məktub ünvanlayıb

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən Vətən müharibəsində şanlı ordumuzun qazandığı zəfərlər münasibəti ilə Sizi və xalqımızı təbrik edir, AMEA-nın Dendrologiya İnstitutunun kollektivi adından sonsuz minnətdarlığımızı bildiririk. Biz əminik ki, Sizin rəhbərliyiniz və müzəffər ordumuz sayəsində yaxın günlərdə doğma Qarabağımızın hər bir guşəsində Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Azərbaycanın işğal olunmuş ərazilərində terrora son deməyin vaxtı çatıb. Erməni təcavüzkarları tərəfindən ərazilərimizin işğalı nəticəsində respublikamızın milli və mədəni sərvəti olan qoruq və yasaqlıqlarda yüzlərlə relikt, ali və ibtidai bitki növləri, o cümlədən 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan bitki növləri erməni terrorizmi nəticəsində məhv edilmişdir ki, bu da 1951-ci ildə Orxuskaya, 1965-ci ildə QAAQ, 1971-ci ildə Ramsar, 1995-ci ildə Pan-Evropa (Bolqarıstan), 1992-ci ildə BMT-də “Yerin flora və faunasının genefondunun saxlanılması və bitkilərin mühafizəsi” proqramı çərçivəsində keçirilən beynəlxalq konvensiyalara ziddir.

Geniş flora və fauna müxtəlifliyinə malik olan Qarbağımızın işğal edilmiş ərazilərini düşmən tapdağından azad etdikdən sonra ətraf mühitin və genefondun mühafizəsini, davamlı inkişafını təmin etmək, bioloji müxtəlifliyin artırılması, təbiət abidələrinin dendroxronoloji tədqiqatlarla öyrənilməsi, şəhər və qəsəbələrin yaşıllıqlarının landşaft memarlığı prinsipləri əsasında planlaşdırılması istiqamətində aparılacaq işlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun alim və tədqiqatçıları öz töfhəsini verməyə hazırdır.

Bu torpaqlar bizə atalarımızın əmanətidir. Atalarımızın bizə əmanət etdiyi Qarabağımızı qorumaq bizim şərəfli vəzifəmizdir.

Cənab Prezident! Sizin rəhbərliyiniz ilə müqəddəs torpaqlarımızı və vətənimizi qorumaq bizim ən ali amalımızdır. Azad, firavan yaşamaq istəyiriksə, Vətənimiz Azərbaycanı qorumağa, onu çiçəkləndirməyə borcluyuq.

Sizin qeyd etdiyiniz kimi, “Biz haqq yolundayıq! Biz ədaləti bərpa edirik! Ərazi bütövlüyümüzü bərpa edirik! Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq!”

Biz haqlıyıq, biz zəfər çalacağıq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Tofiq MƏMMƏDOV, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.